Laçın
rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir.
Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı
rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Azərbaycanın
qədim və əsrarəngiz guşəsi olan Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ,
İşıqlı, Qırxqız dağ silsilələri cızmışdı. Qarabağla mənfur qonşularımız
arasında mərdlik qalasıydı Laçın! Tarix boyu torpağımıza göz dikənlər buranı
«Qarabağın qara qapısı» adlandınrdılar.
Laçın əvvəllər
Abdallar adlanıb. Qeyd edim ki, xalqımızın etnogenezisində iştirak etmiş
tayfalardan biri də abdallar olmuşdur. Qədim türk soylarından olan abdalların
Ön Asiya və Qafqazda məskunlaşması barədə mənbələrdə xeyli məlumatlar
mövcuddur. Belə müəlliflərdən biri olan VI əsrdə yaşamış Suriyalı Zaxari Ritor
abdalların adını hun tayfaları ilə birlikdə çəkir və onların Dağıstan hüdudunda
yaşadığını qeyd edir. O, burada 13 tayfadan birinin də abdallar olduğunu göstərərək
yazır ki, onlar “... çadırda yaşayırlar, dolanışıqları mal-davar əti, balıq, vəhşi
heyvanlar və silah hesabınadır”. Maraqlıdır ki, görkəmli rus şərqşünası
V.V.Bartold və “Türkmənistan SSR tarixi” nin müəllifləri də abdalları hun
tayfalarından biri hesab etmişdilər. Bundan başqa başqırdların, qaraqalpaqların
da tərkibində eyni adlı tayfa olmuşdur.
Tarixçi
alim Boran Əziz araşdırmasında yazır ki, elmdə Hunların abdal qolunun bir hissəsinin
Anadoluda yerləşməsi barədə də məlumatlar var. Məsələn, Səfəvilər dövrü tarixçilərinin
ən görkəmli nümayəndəsi olan İsgəndər bəy Münşi 1629-cu ildə tamamladığı
“Tarixi- aləm –ara-yi Abbasi” adlı əsərində 1628- ci il hadisələrdən bəhs edərkən
yazır ki, “Şamlı elinin əbdallu oymağından olan adlı-sanlı əmir Həsən xan atası
Hüseyn xanın yerinə Xorasan bəylərbəyidir” .Qeyd edim ki, orta əsrlərdə Səlcuqlara
qədər və Səlcuqlar dövründə Hələb bölgəsində yaşamış türkmən oba və elləri ərəb
mənbələrində “ətraki şamlı” fars mənbələrində “türkmane şamlı, şam türk- mənləri,
türk mənbələrində isə sadəcə şamlı kimi göstərilmişdir.Tanınmış rus alimi
V.A.Qordlevski Anadoluda “taifə abdalan”, “abdalani Rum” və s. sözlərinə təsadüf
etdiyini yazır. Bundan başqa, Türkiyədə Bursa-Mudanya yolu üzərində Hülufər
çayı üstündə XVIII yüzilə aid Əcəmlər körpüsü adıyla bilinməkdə olan Abdal
körpüsü mövcuddur. Osmanlı dövlətinin quruluşuna aid mənbələrdə adı keçən
Anadolu abdallarından biri Abdal Kumral, yaxud Kumral Abdal olmuşdur. Osmanlı mənbələrində
Sultan II Murad dövründə yaşayan Anadolu abdallarından Abdal Mehmed, Abdal
Murad, bəktaşi ənənəsində önəmli yeri olan Abdal Musa, Antalyanın Elmalı ilçəsinə
bağlı Təkkə (Təkə) kəndində XIV yüzildə qurulmuş Bəktasi təkkəsi olan Abdal
Musa Təkkəsi, İstanbulda Davutpaşa və Qoca Mustafapaşa səmtləri arasındakı Həkimoğlu
Əli paşa Külliyəsi içində qalan XVII yüzilə aid abdal Yakup təkkəsi haqqında da
xeyli məlumatlar vardır.A.A.Bakıxanov da azərbaycanlıların tərkibində abdal
tayfasının olduğunu qeyd etmişdir. Albaniyanın Kalankatuk kəndindən olan Moisey
Kalankatuklu VII yüzildə yazdığı “Albaniya tarixi” adlı əsərində abdalların
adını qeyd etmişdir. Onun fikrincə abdallar (heptallar) IV əsrdə Makedoniyalı
İsgəndərin hakimiyyəti dövründə (e.ə. 336-323-cü illər) buraya köçürülmüşdür.
Bir məlumat
da qeyd edək ki, Kembric universitetinin professoru L.Lokhart 1958-ci ildə nəşr
etdirdiyi “Səfəvi sülaləsinin tənəzzülü və İranın Əfqanlar tərəfindən işğalı”
adlı monoqrafiyasında bu hadisələrdən geniş bəhs etmiş və abdalları...”çox comərd
və hərbsevər adamlar” kimi xarakterizə etmişdir. O, həmçinin qeyd edirdi ki, Səfəvi
dövlətinin şərqində”... ən güclü tayfalar gilzaylar (qərzayilər) və abdallar
idi. Birincilər Qəndəhar ətrafı ərazilərdə, sonuncular isə Herat vilayətində
yaşayırdılar”.
Kiçik
Qafqazın bu bölgəsi sərt dağlıq, meşəlik, ticarət yollarının kəsişmədiyi bir məkanda
olmaqla, 3900 m hündürlükdəki qışı şaxtalı, yayı sərin olan yaylaqlarla zəngindir,sıldırım
qayalıqlar keçilməzdir,safsular, təmiz hava yetərincədir. Bu yerlərə yaylaq
yolları ilə Cənubi Zəngəzurun, Qaradağın, Aran Qarabağın elatları gedib-gəlmişlər.
Maşın icad olub geniş yayılanacan buraya heç qazalaq yoluda olmamışdır. Yerli
insanlar elat nəzərə alınmazsa ancaq burada yaşayıb-yaratmış, doğub-törəmişlər.Buranın
insanları dağətəyi mülayim iqlimli yerlərdə daimi məskən salmış, yaydan-yaya əhalinin
əsasən kişiləri kəndlərindən yuxarıda yerləşən yaylaqlara heyvanatısürmüş, bəzəndə
orada qoyub öz kəndinə əkin-biçinə qayıtmışlar. Çörəyi-xörəyi kənddə hazırlayıb
aparmışlar. Arandan gələn elat isə tam hazırlıqlı gələrdi. Bu mənada Laçın bölgəsində
"özünə qapanma" sayəsində burada bir çox qədim türk adət-ənənələri,
danışıq dilində qədim türklərin işlətdiyi sözlər, insanların qarşılıqlı münasibətində
gədimlik və s. hökm sürürdü
Laçın
tarix, mədəniyyət və arxeologiya abidələri ilə zəngin olan bir ərazidir.
Rayonun Mirik kəndindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hocaz kəndindəki
mağara məbəd hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd
rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək
qədər dəyərli və nadir abidələrdəndirlər.Güləbird kəndindəki “Qız qəbri”
kurqanı və bu ərazidə olan digər adsız kurqanlar, Mirik kəndinin “Təpələr” ərazisindəki
kurqanlar və eləcədə Ziyrik kəndi ərazisindəki Rizvan meşələrində və digər yerlərdəki
bu tipli kurqanların mövcudluğu və çoxluğu əsas verir ki, bu bölgədə yaşayışın
neolit və tunc dövrlərindən başlandığı haqqında fikir söylənilsin.Rayon ərazisində
Antik dövr daş abidələrindən sayılan qaya, daş üzərində insan, heyvan, quş və
digər həndəsi təsvirlərə də rast gəlmək olur. Bu təsvirlər əsasən rayonun
Qaragöl yaylağından, Pəri çınqılı adlanan ərazidən, Kəlbəcər rayonunun əraziləri
istiqamətində uzanan silsilə çınqıl daşları üzərlərində oyulub. Bu təsvirlərin
yaşı, bəlkə də Qobustan qayaları üzərindəki təsvirlərin yaşı qədərdir.
"Laçın"
toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər
isə bu ad "Yuxaı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır.
Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra
dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı
Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində
Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə
Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.
Araşdırmalar
göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir.
Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə
məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq
hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada
Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya
qalası və s. buna misal ola bilər.
Tarix elmləri
doktoru Ziyadxan Nəbibəyli yazır ki, istər eradan əvvəl, istərsədə yaşadığımız
1-ci və 2-ci minilliklərdə yunan, ərəb,şərq ölkələrinin bir çox yerlərindən,
İrandan - Cənubi Azərbaycandan gələn səyyah və tacirlər əvvəlcə Ordubad, Gilan
çayı dərəsi ilə Xaraba Gilan (onun xarabalıqları indidə durur) şəhərlərinə gəlir,
Gəmiqayanı keçərək Qafan, Qarakilsədən Həkəri çayını keçməklə müxtəlif tərəflərə
istiqamət götürərdilər. Zəngəzurda, Qapıcıqla səsləşən və eyni kökdən bəhrələnən
Qapçıqay (Qapıcıqay) dağı isə İşıqlı dağının şərq yamacındadır. Bu sözdəki
"ay" ifadəsi bu yerlərdə Zərdüştlük (Atəşpərəstlik) dövründə yaşayan
insanların Aya, Günəşə sitayişilə əlaqəlidir. O, dövrün qəbrüstü daşlarında da
Günəş və aypara şəkilləridə bu fikri tamamlayan əlamətlərdəndir. Laçında, o
cümlədən Zəngəzurda və ümumilikdə Kiçik Qafqazın bəzi dağ, daş, xüsusən yonquya
gedən sal daşlarda da bu nişanələrə rast gəlmək mümkündür.
Əvvəlcədən qeyd
etdiyimiz kimi bu adın sorağı ilə ədəbi materiallara müraciət etdik də "Laçın"
adına rast gəlmək olur. Hal-hazırda, eləcə də yaxın keşmişdə bu adı axtarmaq
çox asandır. Laçın adlnı daşıyan şəxslər hal-hazırkı dövrdə də vardır. Ancaq
buadın sorağı ilə uzaq keçmiçə müraciət etdik də məşhur hind şairi Əmir Xosrov
Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında
"Laçın" sözü diqqəti cəlb edir.Onun adı belədir: Əmir Mahmud Şəms
Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta
Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman "Laçın" türk tayfası
Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdılar. Hindistanda
yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında
tayfasının adı göstərilmişdir.
Qeyd ed'k
ki, "Laçın" türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı
ərazilərdə yaşayırdılar.Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi
Azərbaycana pənah gətirmişlər.Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində,
Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən
salmışlar. "Laçın" türk tayfasının bir hissəsi isə Hindistanda
sığınacaq tapmışdır.
Laçın şəhəri
dağ qartalma bənzəyir. Qol-qanad açıb bir qanadı Qankaha kəndinə, bir qanadı Həkəri
çayına qədər uzanmışdı.
Mənbələrə
baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum
olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq
hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada
Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya
qalası və s. buna misal ola bilər.
Orta əsrlərdə
Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın
qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın
qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur
ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi.
Xaçın
knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə,
Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yaranmış
idi.
1828-ci il
Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən,
bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi
altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə
köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması
mümkün olmadı.
Azərbaycanda
xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan
Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın yaradılan Zəngəzur qəzasına
qatılır. 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat
bürolarının birgə iclasının qəbul etdiyi qərarı Zəngəzur bölgəsini 2 yerə
bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən
3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637
kv. verstlik hissəsi isə Ermənistana verildi. 1923-cü ildən şəhər statusu alıb.
Artıq bu dövrdə
Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində də hansısa bir inzibati idarə
mərkəzi yaradılması zərurəti meydana gəlib. Və beləliklə, Laçın və Abdallar kəndləri
arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən
yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs
göstərərək rayonun adını 1926-cı ildə Laçın adlandırılıb. elan etib. 1930-cu ildə
Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.
Laçın 18 May
1992-ci ildə ermənilər tərəfindən işğal olmuşdur.264 nəfər şəhid olmuş, 65 nəfər
girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud
olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o
cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.İşğal ilə əlaqədar rayona
7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.Bütün var dövlətlərimizi yeraltı
və yerüstü sərvətlərimiz talan-qarət olmuş, torpaqlarımız hərraca qoyulmuş, ata-baba
qəbiristanlıqlarımız düşmən tapdağında qalmış, rayonun 65507 nəfər əhalisi Respublikanın
59 şəhər və rayonlarına, “Taxta-körpü” qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.
Laçın torpaqlarını
İşğal etdikdən sonra ermənilər, bu ərazilərdə toponimlərin, inzibati yaşayış məntəqələrinin
adlarının dəyişdirilməsinə başladılar, ilk öncə onlar Mərkəzi Laçın şəhəri olmaqla,
Laçın, Qubadlı və qismən də Gorus rayonlarının əraziləri daxilində Kaşatax adlı
bir vilayətin yaradıldığını elan etdilər. Azərbaycanın İşğal Olunmmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkliatı İctimai Birliyinin sədri
Faiq İsmayılov yazır: «Kaşatax» sözü erməni dilinə türk dilindən
gəlmə sözdür. «Kaşatax» sözünün deyilişi bir az erməni ləhcəsinə
uyğunlaşdırılsada əslində türk toponimindən əxz edilən bir sözdür. Bu
sözün mənası, «Kıştax (qışlax)», «Yuxarı qışlax», «Baş qışlax»,
«Qarıqışlax» mənasını verir. Bununlada ermənilər bu ərazini regionun
qışlaq yeri kimi xarakterizə etməyə çalışırlar. Lakin, ermənilər tərəfindən
bölgəyə bu adın verilməsi nə tarixi nə də coğrafi baxımdan ərazinin relyefi ilə
uyğunluq təşkil etmir.
Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
0 коммент.:
Отправить комментарий