SON MƏLUMATLAR

15.08.2018

Info Post
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində idman təşkilatları II Dünya müharibəsindən sonra yaranmışdır. Futbol komandaları isə əsasən XX əsrin 50-ci illərində təşkil edilmişdir. İlk dəfə Qarabağda futbol klubu Xankəndi şəhərində yaradılıb.
1927-ci ildə “Dinamo” futbol klubu adı altında azərbaycanlıların yaradılan  futbol klubu Xankəndi şəhərində yerləşib və 1977-ci ilə qədər bu adla yarışlarda iştirak edib. 1974-cü ildən “Qarabağ” adlandırılıb. 1977-ci ildə futbol üzrə Azərbaycan SSR çempionatının qalibi olub. 1950 və 1986-cı illərdə SSRİ Kuboku yarışlarında iştirak edib.

Sonradana bölgənin erməni icması bu klubu haqsız olaraq tamamilə erməniləşdirərək, azərbaycanlıların komandada oynamasına qadağa qoymuşlar.

Qarabağın adını daşıyan və bu gün dünyada Azərbaycanı layiqincə təmsil edən “Qarabağ” futbol klubu Ağdamda təsis edilib. Ağdam rayonunda futbol komandası 1951-ci ildə yaradılıb. Hazırkı “Qarabağ” klubunun tarixi də bu ildən hesablanır.
Klubun adları müxtəlif illərdə bir neçə dəfə dəyişib:

"Məhsul": 1951—1977

"Şəfəq": 1977—1982

"Kooperator": 1982—1987

"Qarabağ": 1987—2001

"Qarabağ-Azərsun": 2001—2004

"Qarabağ": 2004-cü ildən indiyə kimi

Ağdam futbolunda əvəzsiz xidmətləri olan neçə - neçə insanlar olub. 1960-cı illərdə Ağdamda uşaq futbolunun inkişafında uşaqlarla yorulmadan məşq edən Şahbaz Xudabaxışovun əməyini xüsusi qeyd etmək lazımdır. Adil Nadirov, Elbrus Abbasov, Elxan Quliyev, Şəfəq Hümbətəliyev, İdris Quliyev və onlarla başqaları Şahbaz müəllimin yetirmələridir. Adil Nadirov, Elbrus Abbasov, Elxan Cavadzadə, Ağasəlim Mircavadov, Nazim Mehrəliyev müxtəlif illərdə komandanın məşqçiləri olublar və komandanın Azərbaycan çempionatında layiqli yer tutması üçün əllərindən gələni ediblər. Komanda ilk böyük qələbəsini 1968-ci ildə qazanıb. O, respublika çempionatında ikinci yeri tutaraq gümüş medallara layiq görülüb.

Rayonun yığma komandası vaxtilə Odessa vilayəti Sadovski şəhərində Azərbaycanı uğurla təmsil edib. Ardınca Patarburnari rayonunda Ağdam komandası 38 klubun kubok yarışında finala çıxaraq 2-ci yeri tutmuşdur.  1966-ci il Azərbaycan SSR daxili birinciliyində “Məhsul” adı ilə çıxış edən Ağdam klubu iki il sonra fəaliyyətini dayandırmışdır. 1977-ci ildə "Qarabağ" yenidən "Şəfəq" adı ilə bərpa edildi. Elə həmin il "Şəfəq" Azərbaycan SSR çempionatının 2-ci dəstəsində yarışdı. "Şəfəq" 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1987-ci ilə qədər isə klub "Kooperator" adı ilə yarışlara qatıldı. "Qarabağ" ilk dəfə Azərbaycan SSR çempionu adına 1988-ci ildə – Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən layiq görüldü. Həmin çempionluqdan sonra "Qarabağ" SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə "Qarabağ" SSRİ çempionatının 9-cu zonasında yarışdı. 1990-cı ildə SSRİ çempionatının 2-ci dəstəsinin zona yarışlarında dəyişiklik edildiyindən "Qarabağ" Azərbaycan SSR çempionatının zona yarışlarında iştirak etmək məcburiyyətində qaldı.

Yuksəliş illəri isə 1988-ci ildən bu yana olub. O zaman Ağdamda yerləşən «Şampan şərabları» zavodunun direktoru işləyən rəhmətlik Siyavuş Fərzəliyev komandaya və stadiona sponsorluq etməyi öz üzərinə götürüb. Futbola olan qayğının bu şəkildə artması ilə əlaqədar olaraq futbolçularımız da öz növbələrində müvəffəqiyyətlərinin sayını artırıblar. 1988, 1990, 1993-cü illərdə respublika çempionu adını, 1989-cu ildə SSRİ-çempionatının IX zonasında oynamaq, 1994-cü ildə MDB komandalarının turnirində oynamaq, 1997-ci ildə isə «İntertoto» yarışlarında iştirak etmək hüququ qazanıblar. Bundan başqa «Qarabağ» bu illərdə müxtəlif xarici ölkələrin, o cümlədən Fransa, Finlandiya, Türkiyə, İran, İsrail, Çexiyanın futbol komandaları ilə müxtəlif miqyasli yarışlarda görüşüb.

Ağdamda heç kəs «stadiona gedirəm» demirdi. Deyirdilər ki,  «İmarətə» gedirəm. Doğurdan da, Ağdamın stadionu bu sözün bütün mə`nalarında «İmarət» idi. Çünki burada Pənah xanın neçə yüz il bundan qabaq tikdirdiyi ev Ağdamın son günlərindək olduğu kimi qalmışdı. Hətta Ağdamın adı burada olan - damı ağ, sal daşlardan tikilmiş evdən yaranmışdır. Burada Cavanşir nəslindən olan neçə-neçə xanların, bəylərin, Xurşid banu Natəvanın  və onun ailə üzvlərinin məzarları uyuyurdu.

İmarətin tarixi XVII əsrin sonlarından başlayır. Vaxtilə burada Xurşidbanu Natəvan yaşayıb. Qarabağ xanlarının cıdır meydanlarından biri də burda yerləşirmiş.

Sonralar cıdır meydanının yerində Ağdamın mərkəzi stadionu inşa edilib. Stadiona hamı “İmarət” deyirdi. Ərazisi böyük olan İmarətin bir hissəsində Qarabağ xanlarının ailə məzarlığı yerləşirdi. Burada Pənahəli xanın, Mehdiqulu xanın, Sarcalı xanın, Mehrəli bəyin, Natəvanın, onun övladlarının və başqa ailə üzvlərinin qəbirləri vardı. Son araşdırmalar təsdiq etmişdi ki, bu məzarıstanın tarixi daha qədimdi. Burdan üzərində alban yazı və işarələri olan qəbir daşları tapılmışdı.

“Qarabağ” FK "ev" oyunlarının çoxunu müharibə şəraitində keçirməli olub. Hələ SSRİ çempionatları dövründə buna görə xeyli oyunu baş tutmamışdı. Təkcə 1991-ci ildə 12 komanda Ağdama gəlməkdən boyun qaçırmışdı. Əlbəttə, rəqiblərə texniki məğlubiyyət verilirdi, amma həm də ağdamlı azarkeş futbolsuz qalırdı. Milli çempionat oyunlarında "Qarabağ"ın futbolçuları ölüm təhlükəsiylə üz-üzə qalaraq, meydana çıxırdı. Az qala hər qarşılaşma zamanı stadionun yaxınlığına "Qrad" düşürmüş. Dəfələrlə oyunlar yarımçıq qalmaq təhlükəsiylə üzləşirmiş, buna baxmayaraq, "Qarabağ" rəqibləri birtəhər yola gətirirmiş ki, görüş başa çatsın.

Komandanın keçmiş futbolçusu Yaşar Hüseynovun yaddaşında ilişib qalan epizod: "Səhv eləmirəmsə, "İnşaatçı" (Bakı) ilə oynayırdıq. Birinci hissə qurtarmışdı, 1:0 udurduq. Ağasəlim müəllim uşaqlara "ustanovka" verirdi. Birdən onun lap yaxınlığında bomba partladı. "İnşaatçı"nın futbolçuları qorxuya düşdü, dedilər ki, daha oynamırıq, qoy oyun 1:0 da qurtarsın. Ürək-dirək verdik, başa saldıq ki, hər oyunumuz belə keçir. Oynadılar, amma oyun qurtaran kimi heç duşa da girmədən birbaşa avtobusa minib Ağdamdan çıxdılar". Futbolçular döyüşməyə hazır idi. Hətta bir dəfə son vaxtlar batalyonuyla stadionun bazasında məskunlaşan Milli Qəhrəman Asif Məhərrəmova (Fred Asif) müraciət eləmişdilər ki, döyüşçülərə qoşulsunlar. Fred Asif razı olmamışdı: "Bilsəm ki, 18 futbolçuyla müharibəni udacağıq, hamınızı apararıq. İndi siz bizə səngərdən çox, meydançada lazımsız". Milli Qəhrəman Allahverdi Bağırov döyüşdə həlak olanda hamını qəhər boğmuşdu. Deyilənə görə, oyunların birinin start fitindən əvvəl onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən stadiona bomba düşüb, amma futbolçulardan heç biri yerindən tərpənməyib.

Təbii ki, müstəqillik illərində «Qarabağ»ın ağır günləri də az olmayıb. Azərbaycan tarixinin ən qara günlərdən biri olan Ağdam şəhərinin işğalı günü (23 iyul 1993-cü il) "Qarabağ" komandasının tarixində də ən qara gündür – həmin tarixdən etibarən komanda "qaçqın klub" kimi fəaliyyət göstərir.

Qeyd edək ki, 1992-1993-cü illərdə rəqiblərini Ağdamda qəbul edən "Qarabağ" burada 28 oyun keçirib. "Qarabağ" Ağdamda keçirdiyi son 22 matçda qalib gəlib. Əyalət təmsilçisinin evdə son məğlubiyyətindən isə daha uzun 27 oyunluq seriya keçir. Maraqlıdır ki, "Qarabağ"ın Ağdamda uduzduğu yeganə oyun onların müstəqilik tarixindəki ilk qarşılaşması olub. Və məğlubiyyətlə başlayan tarix qələbə seriyası ilə davam edib.

Təbii ki, bundan əlavə klub maddi sıxıntılardan da ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da «Qarabağ»ı tərk etməsinə gətirib çıxartdı. Bütün bu problemlər 2001–ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri «Azərsun» şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. 2001-ci ildə «Qarabağ-Azərsun» ölkə çempionatında 9–cu yeri tutsa da qarşıdakı mövsümə hazırlıq işləri ciddi gedirdi və klubun qarşısına ən yüksək yerləri tutmaq vəzifəsi qoyulmuşdu. Lakin Azərbaycan futbolunda baş verən məlum hadisələrdən sonra ölkəmizdə 2002-2003-cü ildə çempionat yarımçıq dayandırıldığından qarşıya qoyulan məqsədə çatmaq mümkün olmadı. 2002-2003-cü il mövsümündə «Qarabağ» uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı və birinciliyin bürünc medallarını qazandı. 2004-2005-ci il mövsümünə isə «Qarabağ» daha iddialı başlamaq fikrindəydi. 2004-cü ildə «Qarabağ»ın tarixi adı özünə qaytarıldı və komanda yenidən bu adla adlandırılmağa başlandı.

«Qarabağ» müstəqil Azərbaycanın futbol çempionatını iki dəfə çempion kimi başa vurub. İlk olaraq komanda 2-ci milli çempionatda yəni 1993-cü ildə bu ada layiq görülüb. İkinci çempionluq isə 3 il sonraya 1996-cı ilə təsadüf edir. Bundan başqa klub 1993-94 mövsümündə 2-ci, 2003-2004 və 2009-2010 mövsümündə isə 3-cü yeri tutub. Bundan başqa klub 3 dəfə ölkə kubokunun sahibi olub. 1993, 2006 və 2009-cu illərdə.
Komandanın konkret bir ləqəbi olmasa da, müəyyən dövrlərdə müəyyən ləqəbləri qazanmışdır. Azarkeşlərin və yerli medianın ona verdiyi bu ləqəblər aşağıdakılardır:

"Atlılar"
"Qarabağ"ın ləqəbləri içərisində ən qədimi "Atlılar" ləqəbidir. Ləqəb "Qarabağ" atları ilə əlaqəlidir. İngiltərədə xüsusi dizaynerlər tərəfindən hazırlanan loqotipdə də "Qarabağ"ın simvolu olan atlar təsvir olunub.

"Qaçqın klub"
1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra doğma İmarət stadionundan didərgin düşən komanda məcburi olaraq "Qaçqın klub" adını almışdır.

"Qafqazın "Barselona"sı"

2009-cu il. UEFA Avropa Liqası. Rusenborq üzərində qələbə, ardından Honka ilə hər iki oyunda qələbə... Bütün bunlar komandaya yeni ad qazandırdı: "Qafqazın "Barselona"sı “Qarabağ” avrokuboklarda bir sıra ilklərimizə imza atıb. Belə ki, avrokuboklarda səfərdə ilk xalı məhz bu komanda sayəsində qazanmışıq. Ağdam klubu qitə miqyasında debüt mövsümündə Bəxtiyar Musayevin vurduğu qol sayəsində buna nail olmuşdu. Klublarımız avrokuboklarda ilk dəfə mərhələni “Qarabağ”la keçib. İsrailin “Makkabi” klubu ilə oyunlar futbol tariximizə qızıl hərflərlə yazılıb.

“Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov 11 il öncə hücumçu kimi İntertoto kubokunda Hayfa təmsilçisi ilə görüşdə etdiyi dublla qələbənin memarı olub – 2:1. Bu, eyni zamanda klublarımızın Avropa miqyasında ilk səfər qələbəsi kimi tarixə düşüb. Nəhayət, UEFA kubokunun xələfi, ikinci ildir Avroliqa adlanan turnirdə iki mərhələni ilk keçən də “Qarabağ”dır. Ötən yay Skandinaviya təmsilçilərini yenən ağdamlıların xüsusilə “Rusenborq” kimi güclü klubu turnirdən kənarlaşdırması Avropada da böyük əks-səda doğurdu.

Komandanın çox geniş azarkeş kütləsi arasında şöhrət qazanmış populyar futbolçuları da olub. Təkcə onu qeyd etmək kifayət edər ki, futbol oynamağa Ağdamda başlayan, «Qarabağın» yetirməsi olan Elbrus Abbasov 1976-ci ildə SSRİ çempionatında «Neftçi» komandasının heyətində hamıdan çox - 29 qol vuraraq bütün ölkənin futbol azarkeşlərinin sevimlisinə çevrilmişdi.
Müxtəlif vaxtlarda «Məhsul»,  «Şəfəq»,  «Qarabağ», «Kooperator», «Qarabağ - Azərsun» adlanan Ağdam futbol komandasında aşağıdakı oyunçular Ağdamın futbol şərəfini qorumuşlar:
  • Adil Nadirov                                 məşqçi
  • Elxan Quliyev
  • Ramiz Şahməmmədov                  məşqçi
  • Elbrus Abbasov                            məşqçi
  • Allahverdi Bağırov
  • Eldar Bağırov
  • Hüseyn Əhmədov                         (Saşa)
  • Şəfəq Hümbətəliyev
  • Marsel Firudinov
  • Kamil Məmmədov
  • Əlövsət Dərgahov
  • Fikrət Əmiraslanov
  • Ədalət
  • Elxan Cavadzadə                         məşqçi
  • Ağasəlim Mircavadov                   məşqçi
  • Nazim Mehrəliyev                        məşqçi
  • Gülağa Məmmədov
  • Yusif Əsədov
  • Cavanşir Novruzov
  • Lyonik (erməni)
  • Ənvər Axundov
  • Baxşeyiş
  • Rasim Məmmədov
  • İdris Məmmədov
  • Yaşar Hüseynov
  • Müşfiq Hüseynov
  • Cəmil Haqqverdiyev
  • Elgiz Məmmədov
  • Çingiz Əliyev
  • Elçin Xudadatov
  • Vasif Haqverdiyev
  • Şahid Həsənov
  • Məmməd Məmmədov
  • Nadir Əsgərov
  • Rauf Fətəliyev
  • Arzuman Cabbarov
  • Qasım Qasımov
  • Qəhrəman
  • İnqilab Əhmədpur
  • Məhərrəm Hüseynov
  • Səttar Əliyev
  • Gündüz Qəhrəmanov və s.


Adlarının yanında ulduz işarəsi olanlar artıq dünyasını dəyişiblər. Eldar Bağırov Azərbaycan SSR Ali sovetinin deputatı idi. 1991-ci ildə Bakıda müəmmalı şəkildə qətlə yetirildi. Onun böyük qardaşı, Azərbaycanın Milli qəhramanı Allahverdi Bağırov isə Qarabağda gedən döyüşlər zamanı minaya düşərək qəhrəmancasına həlak oldu.
Bir sözlə, Ağdamın “Qarabağ” adlı bir komandası ölkədə vətənpərvərlik istiqamətində bir nümunə olub. İndi yetişməkdə olan hər bir azərbaycanlı özünü “Qarabağ”ın oyunçularının yerində görmək istəyir, onların yolunu davam etdirməyə meyllənirlər.

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

0 коммент.:

Отправить комментарий