15.08.2018

Info Post

Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Rayonun adı ilə bağlı müxtəlif fikirlər var. Adın yaranması haqqında dəqiq məlumat yoxdur.
Yaşlıların dediyinə görə, Kəlbəcər Kərbəlayı Həcər adlı şəxslə bağlıdır. Onun məzarı üzərində tikilən günbəz rayon qəbiristanlığında 1993-cü ilə qədər dururdu. Digər mənbələrə görə “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Başqa bir mənbədə yazılır: “Bu məkanda əkib-becərmək çox faydalı və məhsuldar olduğundan, onun adının da toponimi el arasında “gəl becər” kimi məhşurdur.” Kəlbəcərə antik dövr abidəsi deyirlər.
Tarixi olduqca qədimlərə gedib çıxır. Qaya­üstü rəsmlər, eləcə də e.ə. III minilliyə aid yaşayış məskənlərində tapılan gil qab­lar və digər tapıntılar, eləcə də yüzlərlə qədim mağaralar buradakı antik həyatı gözlər önünə sərir. 1980-ci illərdə Böyük Güney deyilən ərazidə tapılmış eni 1 km-ə qədər uzanan mağara arxeoloqların marağına səbəb olub. Kəlbəcər dağlarında Lok, Comərd, Uluxan, Qalaboynu, Xotavəng məbədi və sair kimi qalalar buranın qədim tarixinin digər xəbərçiləridir.
Kəlbəcəri “Azərbaycanın ikinci Qobustanı” adlandıran rəhmətlik Xudu Məmmədov, Mirəli Qaşqay, Niyazi İbrahimov, Qüdrət İsmayılov, Ziya Bünyadov, Budaq Budaqov və digər neçə-neçə vətənpərvər alimlərimiz hələ o zamanlar Kəlbəcərin ciddi nəzarətə alınaraq qorunmasını tələb edirdilər. Ona görə ki, türkün tarixi yaşayan qala və abidələr, albanların hələ islamlaşmamış əcdadlarının yaşayış məskəni olmuş Kəlbəcər hələ Sovet dövründə xain qonşular tərəfindən mədəni surətdə işğal edilir və erməniləşdirilirdi. Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir.
Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində – rayonunun 29 kilometrliyində yerləşir. “Xudadəng” də adlandırılan abidə kompleksi VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə Xatun bu qalada dəfn olunub. Dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Üstü gümbəz kimi tikilmiş bu kompleksin tikintisində ağac materialından da istifadə edilib.
Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində – bir dərədə yığılaraq suxurlaşmış və kiristallaşmış gildən əmələ gəlmişdir. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir. Kəlbəcədəki digər qədim Alban abidələri bunlardır: “Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd”. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir.
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi, Çərəkdar kəndində alban kilsəsi (Həsən Calal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən dağıdılıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı -“əkiz”lərdir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

0 коммент.:

Отправить комментарий