1903-cu ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”. Bundan əlavə, “Qafqaz” qəzetinin icmalçısı 24 may 1868-ci il tarixli şərhində göstərirdi: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”. Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-a, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-ə çatırdı.
1873-cü ildə Vyana şəhərində açılmış beynəl-xalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov, “Kavkazski sbornik” kitabının II cild, 457-ci səhifəsində yazırdı: “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür”.
0 коммент.:
Отправить комментарий