SON MƏLUMATLAR

02.11.2018

Info Post
Asya Əhmədova
AMEA Fəlsəfə Institutu
O kənd bizim kəndimizdi...

Mən uşaq olanda bizim bir kəndimiz vardı... 
Uca dağları, gur şəlalələri olmasada, təpəsinə çıxanda ta Arazın o tayınacan ayaqların altında qalan dovşangülülü, dağçiçəyili, laləli, barbarisli hündür dərələri, süpürgəli, yovşanlı, çobanyastığılı alçaq təpələri, Kumqayası, Sarıtəpəsi, Yazı düzü, qıraq arxı, dəyirman arxı, qobusu, şirəsi, bolsulu Həkərisi və birdə kəndimizin olmazsa olmazı günbəzi vardı.
 O hündür dərələrin ən hündür yerində bir sürüşkən daş vardı. Ən bahalı atraksionlar belə onu əvəz edə bilməzdi. Uşaq ayağı ilə nəfəsimiz kəsilə-kəsilə o daşın yanına qalxanda sevincdən uçardıq. Oynayıb-əylənib yorulanda dərənin dibindəki dərin çaylaqlardan qumlu saqqız yığa-yığa dönərdik evə... 
O alçaq təpələrin ən alçaq yerində bir Xınadaşı vardı - lap Qaval daşı boyda. O daşın üstündə oturub əllərimizə xına yaxa-yaxa, evcik oynaya-oynaya böyüyərdik. Elə ki, biraz böyüdük qıraq arxda palaz yuyar, kollardan böyürtkən dərər, Həkərinin şirin sularında acı-qıcı yığardıq...
Kəndin içindən bir uzun yol gedərdi Həkərinin sahilinə. Bu yol əvvəl qıraq arxdan, sonra dəyirman arxından, sonra qobudan, sonra daha iki arxdan, sonra şirədən (yerdən qaynayan axarlı şirin su), sonra yenə də bir arxdan keçib, nəhayətki, çatardı Həkəriyə. Sağı-solu əkin sahələri olan yol başları bir-birinə birləşmiş hündur ağacların altından keçirdi. Hər ağacın da başında bir hacıleylək yuvası. Uşaq vaxtı atamın maşınının yük yerində tütün və ot bağlamalarının üstündə arxası üstə uzanıb maşın gedə-gedə o yuvaları saymağı çox sevərdim. Amma heç vaxt da sayıb qurtara bilməzdim. 
Kəndimizdə bir də balıq tutmaq ləzzəti vardı. Amma bunun dadını oğlanlar bilirdi. Qarmaq götürüb oturardılar çayın qırağında. Sonra da tutduqları balıqları ağacdan düzəltdikləri şişlərə düzüb bişirərdilər. Yeyib doyandan sonra da ağzından çöpə düzülmüş bir şələ  balıqla dönərdilər evə...
Kəndimizdə bir türbə vardı. Biz ona günbəz deyərdik. Bir cüt leylək yuva qurardı, hər yay o günbəzin başında. Kəndin hündür yerində, yaşıllıqlar arasında yerləşirdi, bu müqəddəs ocaq. Səkkizguşəli prizma formalı və piramidal günbəzlərlə örtülmüş türbənin içində üzərində “Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə” (miladi 1305-ci il) tikildiyi göstərilmiş yeraltı sərdabə də vardı. Deyilənə görə, keçmişdə, bu abidədən Həkəri çayının digər sahilində yerləşən kəndə yeraltı tunel varmış. Bir də deyirdilər ki, yeddi əsrdən çox yaşı olan bu abidə tikiləndə palçığına yumurta qatıblar. Ona görə də belə möhkəmdir.
Uşaq olanda Qiblə sanardım, o günbəzi. Çünki “Qiblə hardadı?” deyəndə ona tərəf əl uzadardı, nənəm. Həm də nişan yerimizdi, günbəz.
- Eviniz hardadı?
- Gündəzdən yuxarıda.
- Harda idin?
- Günbəzin altında. 
- Səs hardan gəlir?
- Günbəzin yanından.
Quşlar günbəzin üstündən uçur, göyərçinlər günbəzə qonub, üzünü günbəzə sarı çevir... Nə çox idi sözümüz-söhbətimiz, bu günbəzlə bağlı. Evimizin eyvanına çıxanda ilk gözə dəyən də elə bu günbəz olardı.

Mən uşaq olanda bizim bir evimiz vardı...
Günbəzdən biraz yuxarıda, çay daşlarından tikilmiş, üzü gündoğana, geniş həyətli, al-əlvan çiçəkli, bağ-bostanlı evimiz. Qonaqlı-qaralı, çal-çağırlı evimiz. Divarlarının balaca oyuqlarında sərçələr cükküldəşər, göyərçinlər uçuşardı həyətində. Bahar müjdəçisi iki cəsarətli qaranquş da yuva qurardı hər yaz eyvanında. Bir cüt sarı şanapipik balalarını böyüdərdi hər yay sol yanındakı daşların arasında. Pəncərəsindən ay boylanardı axşam düşəndə, eyvanına gün döyərdi səhər açılanda. Uşaqkən həyətindəki çardaqda uzanaraq ulduzları sayardıq gecələr. Hələ yazbaşı, meh əsəndə iydə çiçəyinin ətri qızılgül ətrinə qarışar, burnumuzu dalayardı.
Mən uşaq olanda bizim bir bağımız vardı...
Gül qoxulu, iydə ətirli bağımız. Heyvalı, narlı, ərikli, şaftalılı, fındıqlı bağımız. Gilənar ağaclarıyla dövrələnmiş, tut ağaclarıyla sıralanmış bağımız. Çox sevərdim tutu. Yetişəndən sovulanacan düşməzdim başından. “Tut ağacım, tut ağacım, de köksünə neçə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm”.  Bir də gilas ağacı – Krım gilası deyərdik ona. Mən o ağacı çox sevərdim. Bəlkədə inandırıcı deyil, bir vaxtlar camaat ev-eşiyi üçün ağlayanda mən o ağac üçün ağlamışdım... Bağımızda ağac çox idi, hər şey vardı, alçadan başqa. Alça Dədəmgildəydi.
Mən uşaq olanda Dədəmgil vardı...
Hər gün Dədəmgilə gedərdik. Çox uzaq deyildi - günbəzin düz yanında, yolun qırağında. İkimərtəbəli evin eyvanından əl atıb alma dərər, iki diş vurub bir-birimizə atardıq. Elə alçanıda Dədəmgildə yeyərdik. Çiçəyi töküləndən yetişənəcən ağacdan əl çəkməzdik. Cibimizə duz doldurub oturardıq ağacın başında, dişlərimiz qamaşanacan aşağı düşməzdik. Arada nənəmin səsi gələrdi “Ay bala, qoyun yetişsin, sonra yeyərsiz, onsuzda hamısını siz yeyirsiz... ” Biz də gülə-gülə cavab verirdik ki, ay nənə özün deyirsənki, hamısını biz yeyirik, səninçün nə fərqi.  Elə bu dəmdə eyvanda otutub samavar çayı içən dədəmin səsi eşidilərdi: “Ay arvad balalarımla işin olmasn”... Beləcə yazda alça, yayda alma, payızda nar yeməkdən doymazdıq.
Dədəmgilin bağlı-bağatlı həyətində bir guşə də vardı. Çiçəklərlə əhatələnmiş, nanə döşəməli, qızılgül ətirli bir bağça və bu bağçanın ortasında bir su quyusu. Suyu bumbuz. Qaçmaqdan, oynamaqdan yorulanda ağzımızı “şlanka” dirəyib dişlərimiz üşüyənəcən içərdik.
Məhlə uşaqları yığışıb ortada qaldı, yeddi şüşə, beşdaş və daha nə oyunlar oynayardıq... Nə günlər idi... Yox elə bilməyin ki, biz günlərimizi yeməklə, oynamaqla keçirərdik. Dərs də oxuyurduq, ev işlərinə də kömək edirdik - quzu otarırdiq, toyuqlara dən verirdik, tütün əkirdik, tütün yığırdıq, su daşıyırdıq, həyət süpürürdük və daha nələr-nələr. Hər şeyə də vaxt çatırdı. Bir də axı mən uşaq olanda günlər uzun idi.
Amma, mən uşaq olanda bu kəndi heç bəyənməzdim. Meşəsı, dağı, şəlaləsi yoxdu, işləri çoxdu, - deyərdim kəndimizin. Tez böyüyüb şəhərə getmək istəyərdim.
...Və bir gün..., bir gün fələyin çərxi döndü, böyüklü-kiçikli hamımız şəhərli olduq... Elə o mahnıdakı kimi, “Öz qoynuna aldı bizi, bu buruqlar şəhəri”. Üzümüzdə təbəssüm dondu, ağzımızın dadı qaçdı... Daha uşaq deyildik, bir gündə böyümüşdük sanki. Uşaqlığımız xatirələrimizə qarışıb kənddə qalmışdı. Daha oyun oynamırdıq, indi oyunu həyat bizə oynayırdı. Kəndləri şəhərlər, evləri yataqxanalar, həyətləri küçələr əvəz edirdi. “Sən ey uşaqlıq, sən bizdən uzaq düşdün artıq, de səni yellər apardı, ya soyuq əllər apardı”. İndi həyat başqa idi. İndi yataqxanalarda böyüyürdü uşaqlar. İndi kənd uşağı sözünü “opşijitel uşağı”, “qaçqın uşağı” sözləri əvəz edirdi. “Görmədik biz gül dəstəsi, görmədik biz oyuncaq”- bax bu isə əsl qaçqın uşağının həyatı idi. İndi nağıllar “biri vardı, beşi yox” deyə başlayırdı.
...Əslində hər şey çoxdan başlamışdı. Lakin, 1993-cü ilin avqustunda vəziyyət daha da ciddiləşdi. Amma təəssüfki, o vaxtlar mən kənddə deyildim. Ali məktəbə qəbul imtahanı üçün mayın sonlarında Bakıya gəlmiş, lakin imtahanların vaxtı uzadıldığı üçün geri dönə bilməmişdim. Şəhərə üz tutanda hardan biləydim ki,  birdə heçvaxt bu kəndə dönə bilməyəcəm. Və hardan biləydim ki, vaxt gələcək doğma kəndimə 25 illik həsrətimi ovutmaq üçün yaxınlarımın göz yaşları ilə anlatdıqları kəndin son günlərindən bəhs edən ağrılı-acılı heykayələri yazmaqla təsəlli tapacağam.
Kiçık bacım danışır ki: “Axşamtərəfi idi, toran vurulmuşdu. Kəndə qəfildən bir uğultu düşdü. Sanki yarpaqlar da, güllər də uğuldayırdı. Bu uğultunu dillə ifadə etmək mümkün deyil. Hamı üzüaşağı yüyürməyə başladı. Hay düşdü ki, Ramazan ölüb. Anam da hamı kimi Ramazangilə tərəf qaçdı. Ramazangilin evi bizə çoxda yaxın deyildi. Ancaq səslər eşidilirdi. Hamı vəlvələyə düşmüşdü. O günə qədər heç kəs ermənidən qorxmurdu. Amma Ramazan ölmüşdü, yəni erməni Ramazan kimi oğulu öldürmüşdüsə... Axı Ramazan deyirdiki, Əzrayıl məndən qorxur. 
Anam yasdan qayıdanda dedi ki, Cəbrayılı alıblar. Amma Bakı yolunu bağlamayıblar. Çox həyəcanlı və narahat idi. Sonra ürəyi getdi, huşunu itirdi, daha nə hallara düşdü. Qorxusu qızlarından yana idi. Bircə onu deyirdi ki, qızlarımı kənddən çıxarmalıyam, Xocalı təkrarlana bilər. Çünki yolu bağlasalar biz mühasirədə qalırdıq. 
Böyük bacım ikinci kursu bitirib yay tətili üçün kəndə gəlmişdi. Biz topun-tüfəngin səsinə öyrəşmişdik, amma o, şəhərdən təzə gəldiyi üçün atışma səslərinə öyrəşməmişdi, çox qorxurdu. Anam bizə dedi ki, hazırlaşın dayın sizi şəhərə aparacaq, amma çantanı balaca tutun, maşında yer olmaz. Bacım ağlaya-ağlaya albomdan  şəkilləri çıxarmağa başladı. Mən ona güldüm, o isə acıqlandı ki, tez ol paltarını yığ. Mən getmək istəmirdim, getməyəcəm deyirdim...
 O gecə kənddə heç kim yatmadı, hamı qorxu içində idi. İşıqların sönməsi camaatı daha da vahimələndirirdi. Hər gələn səsə elə bilirdik ermənidi. Əslində ölümdən qorxmurduq. Mən neçə vaxt idi qardaşımın cəbhədən gətirdiyi qranatı gizlətmişdim. Fikirləşirdim ki, xəyallarımı həyata keçirmək vaxtıdır. Düşünürdüm ki, heçnə edə bilməsəmdə ən azından qranatla tankın altına girib bir erməni tankını məhv edərəm. Amma anamın həm o hallara düşməsi, həm də mənə qışqırıb acıqlanmağı, Xocalının təkrarlanması qorxusu, mənə daha çox etiraz etməyə imkan vermədi. Həm də baxdım ki, etirazımın faydası yoxdur. Maşına oturub kənddən çıxanda mən bilirdim ki, bu, sondu. Yola çıxanda istədim qışqırıb dayıma deyəm ki, saxla düşüm, mən getmirəm. Amma demədim, dönüb kəndin çıxışındakı qəbristanlığa baxdım... Oradan Bakıya neçə saatlıq yolu necə gəldiksə onu xatırlamıram, çünki bütün xəyalım kənddə qalmışdı. Tək xatırladığım odur ki, mən getdikcə gözəlliyin itdiyini görürdüm. O gün kənddən ancaq qızları çıxarmışdılar, oğlan uşaqları, hətta analar da əksəriyyəti kişilərlə bərabər kənddə idi”. 
Bəli o gün – avqustun 25-i kəndimiz ilk şəhidini qarşıladı. O günə qədər kəndimizin neçə igid oğulu döyüşlərdə yaralansada, sağalıb yenidən  cəbhəyə qayıtmışdı.  Amma Ramazan qayıda bilmədi. O gün, Mütəllim müəllimin sözləri ilə desək,  “Ölümü öldürən oğul” ölümsüzlüyə qovuşdu.   O gün - kəndimiz ilk şəhidi ilə qaralara boyandığı gün - elektirik işığı da həmişəlik kəsildi.  O gün kəndimizin işıqlı günlərinin sonu, qaranlıq günlərinin başlanğıcı oldu. 
Böyük bacımın dediklərindən: “Axşamüstü  işıqlar sönmüşdü. Hava qaralmağa başlayanda qışqırıq və ağlaşma səsləri kəndi bürüdü. Hay düşdü ki, Ramazan ölüb. Çox ağır və dəhşətli gecə idi. İşiqların kəsilməsi gecənin dəhşətini daha da artırırdı. Qaranlıq gecədə kənd sanki ulayırdı. Mən çox qorxurdum. Bacım isə qorxmurdu. Silah səslərini sayırdı. Hamısını da səsindən tanıyırdı. 7 alazan, nə bilim neçəsə qrad və s. Gecə səhərə kimi üç evin arasında qaldıq – dədəmgil, əmimgil və biz. Saat 3-də əmimgilə getdim. Əmim qızı pərişan halda pilləkəndə oturmuşdu. Gecəni yatmadıq. Səhər tezdən evdən çıxdıq... 
...Anam: “Hazırlaşın, Bakıya, dayıngilə gedirsiz” deyəndə elə bilirdim ki, biz gedəcəyik, anam, atam və qardaşlarım burda öləcəklər. Anam gecə bizə son nəsihətlərini verdi. Dedi: “Bəlkə biz də gələrik, bəlkə də qismət olmaz bizi birdə görməzsiz. Böyük sənsən, bacıların sənə əmanət, bir-birinizdən muğayət olun, bir-birinizə həyan olun, ağılla-başla dayıngildə oturun, dayının sözündən çıxmayın”.  Mən ağlayırdım, elə bilirdim ki, onları birdaha görməyəcəyəm. Tələbə yataqxanasında tanış olduğum Xocalıdan olan iki bacı yadıma düşdü. Bütün ailə üzvləri Xocalıda ermənilər tərəfindən öldrülən bu qızlar deyirdi ki, ailəmizdən bizə bircə şəkil belə qalmayıb. Ağlaya-ağlaya albomdan bir neçə şəkil çıxardım. Paltarlarımı bir çantaya yığdım. Tələbə yoldaşlarıma söz verdiyim üçün iki gün əvvəl uşaqlarla Quru dərəyə qalxıb, meymungülü, solmazçiçəyı və başqa şəfalı bitkilər yığmışdım. Bir çantaya da bu çiçəkləri və iki kitab - Dəri xəstəlikləri ensiklopediyası və Sabirin “Hophopnamə”sini qoydum. 15 yaşlı kiçik bacım getməyəcəyəm deyə inad edir, heç paltarlarını da yığmırdı. Anam ona acıqlandı və dedi ki, mütləq gedəcəksən. O, çarəsiz halda otağa keçdi və qardaşımın ona verdiyi hərbi formanı geyib qayıtdı. Sübhtezdən dayım bacımla məni, iki körpə uşağıyla əmim qızını, özünün 11 yaşlı qızını və 7 yaşlı kiçik oğlunu götürüb kənddən çıxdı. Yolda yadıma düşdü ki, tələbə yoldaşlarıma söz verdiyim dərman bitkiləri və sevimli kitablarım yadımdan çıxıb qalıb. Kənddə maddi olaraq qalanlardan ən çox təəssüfləndiyim o iki kitab və yığdığım çiçəklər oldu... 
Kənddən çıxıb Cəbrayıla doğru irəlilədikcə rastlaşdığımız mənzərə çox dəhşətli idi. Müharıbə və qaçqınlar barədə, köç edən insanlar barədə çox filmlərə baxmışam. Ancaq o yollarda gördüyüm və heç vaxt unutmadığım mənzərəni nə yerli, nə də xarici filimlərdə göstərməyiblər. Baxdıqca sonu görünməyən insan və heyvan köçü, hamının əlində, belində bağlamalar. Heyvanların da  üstünə yük yığmışdılar. Hətta itin də belinə yük bağlamışdılar. Camaat yollarda pərişan, yorğun, ətraf pintilik, qan içində ölüb qalan  heyvan leşləri, minik maşınının yük yerindən başı görünən inək balası, yolun kənarlarında his basmış çaydanlarda çay qaynatmağa çalışan adamlar və s. Ətrafdakı mənzərənin ağırlığından dayımın halı pisləşirdi, maşını güclə idarə edirdi. Bir arada dayım dağın başındakı silahlıları gösrərib dedi ki: “Ermənilərdi, yəqin yolu özləri açıq saxlayıblar ki, camaat getsin”. Çox sıxlıqdan irəliləmək mümkün olmurdu. Hər an atacaqlar, hücüm edəcəklər qorxusu ilə zərbənin haradan gələcəyini gözləyirdik. Həyəcan icində 4-5 saatlıq yolu 12 saata gəldik. Axşam saat 7-də Lökbatanda yaşayan dayımın evinə çatdıq. Böyük dayım bizi yerləşdirib sabah erkəndən geri qayitdi”.
Kəndimizin işığı Qubadlının Xanlıq kəndindəki elektrik yarımstansiyasından gəlirdi. Xanlıq kəndi ilə bizim aramızda 4 kənd vardı.  Qubadlını ələ keçirməyə çalışan düşmən avqustun 25-də bu stansiyanı dağıtdığı üçün kənddə işıqlar kəsilmişdi. Cəbrayılın ardından avqustun 31-də Qubadlı da tamamilə işğal olundu. Artıq Zəngilan tək idi...
Bir həftə içində iki rayonu işğal edən ermənilər hiyləgərliklə düz iki ay Horadiz yolunu açiq saxladı ki, Zəngilan əhalisi erməni vahiməsindən, erməni xofundan qorxub, müqavimət göstərmədən qaçsın. Lakin belə olmadı. İki ay lampa işığında oturub ocaqda yemək bişirən əhali televizorsuz, radiosuz, xəbərsiz çətin günlər keçirsədə öz evlərini tərk etməyi ağlına belə gətirmirdi. Əhalinin özxoşuna çıxmayacağını başa düşən erməni Horadiz yolunu bağlayaraq Zəngilanı mühasirəyə saldı və güclü orduilə hücuma keçdi. Zəngilan isə mərkəzdən kömək gözləyirdi. Kömək yalnız Arazın suyunu azaltmaq oldu. Tək çarə əhali çayı keçənə kimi yüngül silahlarla da olsa düşmənin döyüş texnikasının qarşısına çıxıb mübarizə aparmaq idi.
...O gün kəndə yayılan xəbər  hamını məyus etmişdi. “Düşmən yaxınlaşır, güclü döyüşlər gedir. Əhali zərər görməsin deyə mal-qarasını yığıb Arazın sahilinə, İran sərhədinə çəkilməli,  ara sakitləşəndə yenidən evlərinə qayıtmalı idi”. Heç kəsin ağlına belə gəlmirdi ki, bu kənddəki son gündür. 
Anamın xatırladıqlarından: “Oktyabrın 25-i idi. Kişidə, böyük oğlumda işə getmişdi. Kiçik oğlum orduda idi. Məndəsacda yuxa bişirirdim. Əvvəl qardaşım xəbər gətirdi ki, mühasirədəyik. Erməni Horadiz yolunu bağlayaraq hücuma keçib. Ağır döyüş gedir, düşmənin qarşısını almaq çətin olacaq. Tezliklə kəndə çatacaqlar. Əhali əsir düşməmək üçün Araz sahilinə çəkilir. Sonra böyük oğlum işdən qayıtdı. Dedi: “Camaat kənddən çıxır, sən hələ çörək bişirirsən”. Qalan  kündələri birləşdirib fətir bişirdim. Kişi gec gəldi. Heyvanlara ot biçməyə gedibmiş. Olanlardan xəbərsiz idi. Elə bilirmiş ki, həmişəki kimi atışma səsləridi. Bir neçə dəst yorğan-döşək və bir neçə zəruri əşyalar maşına yükləyib Araza tərəf getdik. Böyük oğlum da məhəllənin kişiləri ilə bərabər mal-qaranı Araza tərəf sürdü. Evdən çıxanda saat beş olardı. Toyuq-cücələri, ördək və qazları yerinə yığıb dən verdim. Hinin qapısını azca aralı qoydum ki, gec qayıtsaq, ya da heç qayıtmasaq içəridə ac-susuz qalmasınlar. Qabdakı dəni də aşırıb yerə tökdüm. Evdən çıxarkən düşünürdüm ki, bir-iki gün Araz sahilində qalıb, ara sakitləşəndə geri dönəcəyik. Ona görə də çay qaynatmaq üçün samavar, çörək, pendir, yağ  və bir də qazan götürdüm ki, bəlkə Arazın qırağında ocaqda yemək bişirərəm. 
Axşam Mincivan körpüsünün yanında qaldıq. O gecə bizim kəndin qəbristanlığının arxasında, Cəbrayıl tərəfdə döyüş gedirdi. Səhər xəbər gəldi ki, Seyid Həsən Ağanın (rayonumuzda çox nüfüzlu seyid) oğlanları Hacıağa və Kazımağa Muğanlı kəndi istiqamətindən Araz sərhədini açdırıb, camaat çayı keçir. Biz də ora qayıtdıq. Çayın qırağında Mürsəl əmimi gördüm. Şəkər xəstəsi əmim dil-dodğı qurumuş, yorğun və pərişan halda idi. Dedim,əmi, nə xəbər var bu gecəki hay-haraydan. Əmim pərişan-pərişan dedi ki, Xurrəmin oğlu ölüb. Parça-parça olduğu üçün meyiti döyüş zonasından götürmək  mümkün olmayıb.
Bütün kəndlər Araza üz tutmuşdu. 26-sı axşamüstü Muğanlı kəndindən Arazı keçdik. Dörd gün Arazın o tayında çayboyu yuxarı-aşağı səhərdən-axşamacan gəzdim. Döyüşdə olan kiçik qardaşımdan vəoğlumdan xəbər yox idi.Onları axtarırdım. Bir gün axtara-axtara piyada Mincivan sərhədinə qədər getmişdim. Oktyabrın 29-da meşəətəyi və dağətəyi kəndlər də Arazı keçdi. Beşinci gün - oktyabrın 30-da ən son Şabanovun dəstəsi Arazı keçdi. Şükür ki, oğlum da, qardaşım da sağ idi. 
İrandan baxırdıq – kənd yanırdı. Dörd gün o taydan od içində yanan kəndə baxdıq. Kəndlə bərabər içim də yanırdı. Amma baxıb şükür edirdim ki, o odun içində deyilik, sağıq, gedib övladlarımıza sahib çıxa biləcəyik. Allaha şükür etməkdən başqa əlimizdən nə gəlirdi ki? Dörd gündür yanan kəndin beçinci gün boğuq tüstüsü qalxırdı. O tüstüyə baxa-baxa ordan uzaqlaşdıq.
O günlər hava da çox soyuq idi. Mən o vaxtacan belə soyuq görməmişdim. Əsas da gecələr. Hər gecə yağış yağırdı. Dəyişməyə quru paltar da qalmamışdı. Soyuq adamın iliyinə işləyirdi. Suyu boğazacan qalxan Arazı belə soyuqda ayaqla keçib, sonra da beş gün yağışlı, sızaqlı  havada çayın qırağında qalmaqdan böyük oğlum sətəlcəm oldu. Bakıya gələndən sonra düz bir ay müalicə aldı”.
 Deyirəm ay ana, o günə qədər bəlkə bundan da soyuq, bundan da sızaqlı günlər görmüsən, amma sən isti ocağının başında o soyuğu hiss etməmisən, duymamısan. Ona görə düymamısan ki, heç vaxt o günlərdəki kimi evsiz-eşiksiz olmamısan. Evsizlər üşüyür axı, evsizlər soyuğu daha çox hiss edir axı. O gün doğma evinin bucağında oturub, isti ocağının üstündəki qaynayan qazanını qarışdırsaydın hava bu qədər soyuq gəlməzdi sənə. Axı, o günə qədər bir gün də evsiz qalmamışdın. Axı, o vaxtacan bircə dəfə də olsun Arazın suyunda ayağını islatmamış, heç əllərini də yumamışdın. Axı, o vaxtacan bircə dəfə də olsun Araz qırağında gündüzləri oğul, qardaş soraqlayıb, gecələri dirigözlü oturub yenidən davam etmək üçün səhərin açılmasını gözləməmişdin. Axı, o vaxtacan bir gecə də olsun  Araz qırağında gecələməmişdin.
Bəzən Xan Araz, bəzən evləri yıxan Araz - dedik sənə. Bəzən səndə gördük bütün günahları – Türkmənçayı, Gülüstanı. Bəzən elə bildik ki, sənsən ayrılıq salan, bəzən elə sandıq ki, sən olmasan bölünməzdi Azərbaycan.
Tikanlı məftillər arxasında dustaq qalan Araz. İllərdi həsrət qaldı insanlar sənə, sən insanlara. Tikanlı məftillər bəzədi səni, hərbi geyimlilər qorudu səni. Tamarzı qaldın bir gülər üzə, bir xoş sözə. İllərdi o tikanlı məftillərin arxasında yad oldun bizə, sirli, müəmmalı, əlçatmaz oldun bizə. Amma dar ayaqda yenə aman yerimiz oldun, güman yerimiz oldun, üz tutduğumuz pənah yerimiz oldun. Çarəsizlikdə çarə oldun el-obamıza. İllərdi o tikanlı məftillərin yaxınına düşə bilməyən insanlar, yanından keçməyə cəsarət etməyən insanlar niyə cəsarətlənmişdi görən? Sağ qalmaq, əsir düşməmək ümidimi cəsarət vermişdi onlara? İllərdi həsrətini çəkənlər muradına çatdı o gün. İllərdi bir ovuc suyunu arzulayanlar qoynunda yuyundu o gün. İllərdi o taya boylanıb həsrət çəkənlər bu tayin həsrətini çəkdi o gün. 
El-obamın ümid yeri Araz. Neçə canı ölümdən qurtardın, neçə övlad sənin sayəndə yetim qalmadı, neçə ana, neçə ata sənin sayəndə övlad dağı yaşamadı. Amma insanlar sənə həsrət olduğu kimi, sən də illərdi onlara həsrət qalmışdın deyəsən. Bu həsrətini ovutmaq üçünmü qoynuna aldın 12 nəfəri. Sularına qərq elədin 2 körpə uşağı, iki qadını, bir qocanı. Çox dərdləri içinə çəksən də, çoxuna ümid olsan da 12 evin ocağına su səpdin, 12 evə Araz boyda dərd oldun. Amma dərd vermək, ayrılıq salmaq sənin taleyinə yazılıbdır deyəsən. Bu nə qismətdir ki, bu nə qovuşmaqdır ki, səndən keşən qaçqın olurdu o gün. Səndən keçən qaçqın olurdu, keçməyən şəhid olurdu o gün. İllərdi Araz boyda bir dərd var deyirdik içimizdə, dərdimizi içinə çəkdin Araz, dərdimizə şərik oldun Araz, dərdimizə dərman oldun Araz, dərdimizin üstünə bir dərd gətirdin Araz. Ey Xan Araz...
Sahibinə qoşulub heyvanlar da sənə pənah gətirdi o gün. Heyvanlar da səndən keçdi, səndə yuyundu, səndə boğuldu... İnəyi,camışı, qoyunu, keçisi, atı, iti, pişiyi hamısı qaçqın oldu o gün. Bircə bizim Qarabaşdan savayı. Bircə bizin Qarabaş sənə doğru gəlmədi, səndən keçmədi, qaçqın olmadı...
... Mən uşaq olanda bizim bir itimiz vardı – Qarabaş. Balaca küçük ikən bir çoban vermişdi atama. Qəribə it idi Qarabaş. Hara getsək bizim yanımıza düşüb, bizi müşayiət edər,  gedəcəyimiz yerə çatanda geri dönərdi. Biz evə qayıdana kimi Qarabaş dəfələrlə getdiyimiz yerə baş çəkər, yenidən evə dönərdi. O qədər gedib-gələrdi ki,  eyni vaxtda həm evə nəzarət etmiş olurdu, həm də biz geri dönəndə bizimlə birlikdə qayıdardı. Çox vəfalı it idi Qarabaş. Son vəfasını da kənddən çıxmamaqla göstərdi. Biz qoyub gəlsək də o, yenə evimizi qorumaq üçün evə döndü...
Kənddən çıxanda qardaşım mal-qara ilə bərabər Qarabaşı da özü ilə götürür. Lakin vəfalı it Günbəzin yanına çatanda sanki geri dönüşün olmadığını başa düşüb dayanır. Qardaşım nə qədər çalışsa da, nə qədər səsləsə də Qarabaşı özü ilə gətirə bilmir. Qarabaş uzaqlaşıb dayanır, qardaşım gözdən itənəcən  arxasınca uzun-uzadı baxır və ilk dəfə olaraq qardaşımı və mal-qaranı tək buraxıb evə dönür.  
Atam danışır: “İkinci gecə idi Arazın qırağında qalırdıq. Gecə saat 12, ya  birə işləmiş olardı. Hamı yatırdı. Bircə körpə uşağın səsi gəlirdi. Elə hey ağlayırdı. Gördüm bir kişi süd axtarır. Deyir təzə doğulmuş uşaqdı anasının südü yoxdu. Uşaq acından ağlayır. Yoldaşıma dedim: “Sən dədənin canı dur bax, bəlkə camış süd verər”. Yoldaşım dedi ki,inanmıran süd ola, axı balası yanındadı neçə gündür. Sonraqalxıb böyük camışı sağdı. Bir litrə yaxın süd oldu. İsti-isti uşağa verdilər. Uşağın səsi kəsildi. Kişi o qədər dua elədi ki...Süd versək də narahat olduq. Körpə uşağa camış südü vermək yaxşı deyildi. Səhəruşağın vəziyyətini soruşdum– yaxşıdı, - dedilər. 
Heyvanları almağa gəlirdi iranlılar. Mən satmırdım, deyirdim belkə qismət oldu geri qayıtdıq, damazlığı kəsmək istəmirdim. Beş gün Arazın kənarından aralaşmadıq. İran sərbazları da ərazini tərk etməyimizi istəyirdi. Orduda olan oğlumdan nigaran idik. Ondan xəbər alandan sonra Təbriz yoluna kimi gətirdik heyvanları. Sonra gördük gətirmək mümkün deyil. Elə orada dəyər-dəyməzinə satdıq hamısını. Bir torba dəyərsiz İran tüməni elədi. O pulu da əvvəl xərcləmədik ki, geri qayıdanda heyvan alarıq. Sonra iş-güc olmadı deyə dolanışığa xərclədik”.
Böyük qardaşım: “Xarici ölkənin sərhədini pozmuşduq. Bizi nə gözlədiyini bilmirdik. İran tərəfi o qədər hərbi qüvvə yığmışdı ki, Arazın qırağına. Həm ermənilər atan mərmi düşmüşdü İran tərəfə, həm biz, hən də son olaraq sağ qalan hərbçilərsərhədi keçmişdi. Düşünürdük ki, İran müharibə edəcək və bizi geri qaytaracaq. Elə ona görə də heyvanları satmırdıq. Növbə ilə heyvanlara qarovul çəkirdik, çünki iranlılar oğurlayırdı gözdən qoyanda. Hər gecə yağış yağırdı. Bir gecə isə lap bərk yağdı. Hər şey, elə pal-paltar da su içində idi. Çox da soyuq idi. Yağışdan daldalanmaq üçün “QAZ-53”-ün altına girmişdik. Maşının radiosu açıq idi. Elə orda eşitdik ki, xalq artisti, muğam ustası Hacıbaba Hüseynov dünyasını dəyişib. O boyda dərdin içində bu xəbər də bizi məyus etdi, heyif - dedik. Hər dəfə efirdə Hacıbaba Hüseynovugörəndə o gün yadıma düşür. 
Sərhədi açmasalar çox qırğın olardı. Dərinlik çox olmasın deyə çayın enlı yerindən açmışdılar sərhədi. Balaca maşınları traktorlara qoşub çəkirdilər. Adamları da yük maşınlarına və traktorların qoşqusuna yığıb çaydan keçirirdilər.O taydakı həmvətənlərimiz də köməyə gəlmişdi. İri təkərli maşınlarla camaatı sudan keçirir, balaca maşınları qoşub çəkirdilər. İriheyvanları özümüz sürüb çaydan keçirirdik. Su boğaza qədər qalxırdı. Qoyun-quzunu isə traktorun qoşqusuna yığırdıq. Araz həm bolsulu, həm də sürətli axan çaydır. Düzdür H. Əliyevin apardığı danışıqlarsayəsində Arazın suyu azaldılmışdı. Amma yenə də o taydakı həmvətənlərimizin  köməyi olmasa, çayçoxunu aparardı.
İran tərəfi ərazini tərk etməyi tələb edirdi. Heyvanları gətirmək mümkün olmadıqda satmağa qərar verdik. Sonra hərbçilərdən xəbər bilmək üçün yenidən Mincivan tərəfə qayıtdıq. Çünki hərbiçılər dağılmırdı, əmr gözləyirdi. Qardaşımla görüşdük, bir neçəhərbçi də nömrə verdi ki, zəng vurub evlərinə sağ olduqlarını xəbər verək. Sonra İranı tərk etdik”.
Qardaşım deyir ki, ermənilər kəndə girəndə birinci mərmini məktəb binasına, ikinci mərmini isə XIV əsrdən bəri kəndimizin atributuna çevrilən Günbəzə atdı. Çünki kəndə baxanda ən çox diqqət çəkən onlar idi. 
Hardan başlamışdı, necə başlamışdı bu kəndin tarıxı bilmirəm, amma beləcə bitirdi bizim kəndin hekayəsi. Uzun illər tikanlı məftillərin o üzünə baxıb ayrılıq havası oxuyanlar indi o taydan bu taya baxıb həsrət çəkirdi. Arazın qırağından yanıqlı bir səs də “Bəlkə bu yerlərə bir də gəlmədim, ey kənd salamat qal, sağ-salamat qal” - deyirdi.  Beləcə vidalaşırdı insanlar yanıb-yaxılmış, tüstüsü ərşə çıxan kəndlə. Amma salamat nə qalmışdı, yaxud salamat qalanlar kimə qalırdı ki?... Bəli beləcə bizim kəndin hekayəsibitirdi, amma bizim hekayəmiz davam edirdi. Həm də yeni adla, yeniünvanda...
...Mən şəhər həyatına çaşqın hislərlə başlamışdım.Sevincim kədərimə qarışmışdı. Ailəm yurd-yuvamızı tərk edib, köçkün düşəndə mən tələbə olmuşdum. Kədərli olsamda sevinməyə səbəb vardı, ən böyük arzuma çatmışdım, amma ürəkdən sevinə bilmirdim. Kədərim böyük idi, ya sevincim anlaya bilmirdim. Qarşıda çətinliklər olduğunu düşündükcə birazda qorxurdum. 
Qaçqınlığın ilk günlərində qəribə bir hiss yaşadım. Məskunlaşdığımız otaqda tək oturmuşdum. Birdən mənə elə gəldi ki, evimizdə qoyub gəldiyimiz mebellər canlıdır. Bağımızdakı o sevdiyim gilas ağacı və ev əşyalarımız sanki onları atıb gəlmişik deyə bizi qınayırlar, vəfasızlıqda günahlandırırlar və bizdən küsüblər. Elə bil hər şey dilə gəlib deyirdi ki, biz ömrümüz boyu sizə xidmət etmişik, amma siz bizi atıb getdiniz. Mənə elə gəlirdi ki, hər şey gerçəkdir və mən onu hiss edirəm. Hiss etdikcədə göz yaşlarımı saxlaya bilmirdim.  Heç vaxt unutmadığım və yəqinki, ömrümün sonuna kimi unutmayacağım bu hissi izah etməkdə aciz qalmışdım. 
Hisslərimi, düşüncələrimi gizlədən biri idim. Suallar beynimi yorurdu. Özümü toplayıb,  mənə rahatlıq verməyən “nə edəcəyik?” sualı ilə anama müraciət etdiyimdə əmin bir səslə ”Camaat necə, bizdə elə” – dedi. Nə zəhmətlə tikib-qurduğu evini, əkib-becərdiyi həyət-bacasını qoyub gələn,  bir həftə Arazın o tayında çayboyu yuxarı-aşağı gəzərək döyüşçü oğlundan, qardaşından xəbərar arayan anamın cavabıməni həm təəccübləndirdi, həm də “çiynimdən yük götürüldü” ifadəsinin  sadəcə söz olmadığını, gerçək yaşatısını hiss etdirdi. Bəlkə özüdə bilmədən məni ayağa qaldırmışdı anam. Öz-özümə “ana gücü”, “ana dayağı”  bu imiş dedim. Bəs anam bu gücü hardan alırdı görən? Bir müddət sonra isə hər gecə anam hərbiçi qardaşımın adını syıqlaya-sayıqlaya qışqırıb yuxudan qalxır, bizim də oyanıb çaşqın-çaşqın ona baxdığımızı görəndə isə “heç nə yoxdu, yuxu görürdüm, siz yatın” - deyirdi. Eyni senari ilə davam edən gecələr, heç nə olmayıb kimi öz-özümüzü və bir-birimizi aldada-aldada keçən gündüzlər. Bu gündüzlərin birində isə yaylığı başından sürüşmüş 44 yaşlı anamın ağarmış saçlarını görəndə sanki məni ildırım vurdu. Mənə elə gəldi ki, o saçlar bir gecədə ağarmışdı. Göz yaşlarımı gizlətmək üçün tez eyvana çıxdım. O an başa düşdüm ki, əslində anam nə qədər dərd çəkir. O sözləri də məni ümidsizlikdən qurtarmaq üçün deyirmiş.Yaşamış olduğum bu iki hissi, deyəsən, mən heç vaxt unutmayacağam. 
O vaxtlar heç sevməzdim kimsə mənə “haralısan?” deyəndə. Ona görə yox ki, haralı olmağımdan utanırdım, mən əslində bu sualın cavabından yaranan ikinci sualı - “qaçqınsız?”  sualını eşitmək istəmirdim...  
Amma həyat davam edirdi. Yaşamağa ev, yeməyə çörək, geyməyə paltar tapdıq. Oxuduq da, işlədik də, ailə də qurduq, övlad sahibi də olduq. Bircə kəndimizi tapmadıq. 
İndi o vaxtdan çox illər keçib – düz 25 il. Bir igidin ömrü deyərlər. İndi nə o kənd var, nə o ev var, nə güllü bağımız, nə də tut ağacımız. Eh.. tut ağacım, tut ağacım doğrudan da “indi sənin budağında bir iz qoymaq müşkül olub”... İndi nə Dədəm var, nə də Dədəmgil. Nənəm də çoxdan dünyasını dəyişib. İndi uşaqlarımız “Mən uşaq olanda...” deyə sözə başlayır. Gün keçir, ay keçir, il  keçir - ömür keçir yəni. Amma orda, uzaqlarda bir kənd var... Elsiz-obasız qalmış, yollarını kol basmış, cığırları itmiş, damları tökülmüş, ocağı sönmüş, ağacları qurumuş, izsiz, ləpirsiz bir kənd... yetim uşaqlar kimi boynubükük, gözüyolda, küskün, kədərli bir kənd... Xatirələrlə dolu uşaqlığımızı qoyub gəldiyimiz kənd - Məmmədbəyli kəndi. O kənd bizim kəndimizdi... Getməsəkdə, görməsəkdə okənd bizim kəndimizdi. İndi o kəndə getmək arzu, indi o kəndi görmək yuxudu.
İndi təsirindən oyanmaq istəmədiyimiz, düzünə yozsaq da belə çin olmayacaq yuxulardadı o kənd. İndi yuxusuz gecələrdə səhərəcən qurduğumuz boş xəyallardadı o kənd. O yuxular, o xəyallar ki, itirdiyimiz kəndin həsrətini ovudur bizə. O yuxularda, o xəyallarda Məlikməmmədin kəndirlə  endiyi dərin quyunun dibi qədər dərində, o dərinliyin dibindəki zalım divlərin yaşadığı qaranlıq dünya qədər qaranlıqda və işıqlı dünyaya çıxışı olmayacaq qədər müşküldə olan kəndi tapmaq üşün əlləşirik.  Çürük kəndir kimi qırıq-qırıq olmuş xatirələri uc-uca düyərək qəlbin dərinliyində dərin quyuların dibindəki qaranlıq dünyada qalan kəndi tapsaq da belə, Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya daşıyan Zümrüd quşunu tapa bilmirik ki, bilmirik.  
Yalın ayaqlarımı ilk dəfə torpağına basdığım, göylərində ilk dəfə ulduzları saydığım kənd. Sənin pəncərəndən baxdım dünyaya ilk kəs. Səndə öyrəndim dilimin ilk kəlməsini. Eşitdiyim rəvayətlərin təsirindən gecələrində sac külləyən ananın vurduğu sillədən küsüb göylərə çəkilən, üzündə anasının küllü barmaqlarının bulaşığı ləkə salmış Ay qızı izlədiyim, gündüzlərində Günəş qızla, Ay oğlanın bir vaxtlar sevgili olub sonra ayrı düşdüklərinə inanaraq bəlkə bir-birlərini görərlər deyə hər batan günəşin ardından buludların arasından çıxacaq ayı gözlədiyim kənd. Görəsən ay qız idi, ya oğlan deyə çaşqın sualların cavabını tapmaq qədər çətin olub səni görmək. Səndə yaşadığım illərin sayı, sənsiz yaşadığım illərin sayından az olsa da, sənsiz çox darıxmışam. Ömür vəfa edərmi son kəs səni görməyə? Ən böyük arzularımın xayalını qurduğum kənd, səni görməyi arzulamaq belə çətin olub indi.
25 ildir xatirələrlə anırıq səni doğma kəndimiz. 25 ildir xəyallar qururuq sənsiz səninlə. İndi yaz gələndə kəndin ətrini arayır burnumuz, xörək bişirəndə kəndin dadını axtarır ağzımız. Yağış yağanda “kəndə dolu yağır yəqin” - deyirik, gün qızanda kəndin sərin mehini arzulayırıq. Qar yağanda... qar yağanda pəncərənin önünə keçib kədərlənirik ki:
Qar yağırmı, görəsən yenə bizim ellərə,
Ağ yorğan çəkilibmi dərələrə, çöllərə.
Bəs qar yağıbsa əgər, kim qartopu oynayır, 
Kim qaradam düzəldir, kim buz üstə sürüşür?
Yada salırmı bizi həyət, bağça, çöl, dərə
Kim dən verir görəsən ac qalan sərçələrə?
Görən darıxırmı heç bizim üçün sərçələr, 
Onlarda bizim kimi bəlkə didərgindilər.
Bəlkə onlar da getmir biz getməyən yerlərə
Rast gələn olubmu heç didərgin sərçələrə?
25 ildir gözü yol çəkən kəndimiz. Bəlkə dönərlər, bəlkə qayıdarlar, bəlkə məni unudublar, bəlkə heç qayıtmayacaqlar, bəlkə, bəlkə...Bəlkədə, bəlkələri düşünməkdən, bəlkələrdən yorulmuş kəndimiz. Bəlkə birdə nə vaxtsa səni görmək bizə qismət olar. Bəlkədə...
Axı, o kənd bizim kəndimizdi!

0 коммент.:

Отправить комментарий