SON MƏLUMATLAR

16.08.2018

Info Post

Ayın 25-dən 26-na keçən bir gecədə bir qadın səsi eşidildi uzaqdan və bir uşaq səsi... daha sonra bu səsin sayı minlərcə oldu.. Dırnaqları sökülmüş, dərisi üzülən cəsədlər. Qarınları deşilmiş körpələr, çarmıxa keçirilmiş qadınlar, burunları kəsilmiş kişilər. Bütün dünyanın gözü qarşısında işləndi bu cinayət.

Türk jurnalisti Ayşegül Aldemir
2005-ci ildə ABŞ- San-Fransisko şəhərinin “The Sardarabad Collective” nəşriyyatı tərəfindən İSBN -10: 1850436355 (İSBN “İnternational Standard Book Number” termininin abreviaturasıdır. İnternational Standard Book Number – yəni Kitab Nömrəsinin Beynəlxalq Standartı) kodu altında müəllifi Markar Melkonyan olan "Mənim qardaşımın yolu" adlı 344 səhifəlik kitab nəşr edilir. Kitabın naşiri London və Nyu-York şəhərində mərkəzləri olan I.B. Tauris nəşriyyat şirkətdir. Kitab ilk dəfə 2005-ci ildə dərc olunur sonra isə 2007-ci ildə təkrarən dərc olunur.

Kitabda bizim diqqətimizi çəkən məqamlardan biri müəllifin erməni terrorçusu, quldur, ASALA-nın rəhbərlərindən biri, Qarabağ müharibəsində Ermənistan tərəfindən səhra komandiri "Avo" ləqəbli Monte Melkonyanın qardaşı olması, ikincisi isə kitabda Qarabağda terrorçuların amansız fəaliyyətinin aşkar surətdə yazılmasıdır. Kitabın yazılmasında həmçinin Melkonyanın həyat yoldaşı Seta Melkonyan da iştrak etmişdir. Kitab çıxandan sonra Ermənistanda və erməni diasporasında bu kitabın terrorçunun qardaşı tərəfindən yazılmasını təkzib edirdilər, hətta kitabı azərbaycan-türk təbliğatının məhsulu kimi də təqdim edirdilər. Buna səbəb isə Markar Melkonyanın qardaşını təmizə çıxarma məqsədi ilə digər erməni quldur və canilərinin iyrənc cinayətlərinin üstünü açması idi.

Kitabda haqqında bəhs edilən Monte Melkonyan 1957-ci il, Birləşmiş Ştatlarda, San- Fransisko (Kaliforniya) ərazisində balaca bir şəhərdə anadan olmuşdur. Berkli universitetində oxumuş, tarix elmləri üzrə elmi dərəcə almışdır və ixtisasca arxeoloqdu, yeddi dil bilirdi. Artıq universitet illərində radikal ideyalarla və terroris “sənətinə” böyük maraq göstərirdi. 1978-ci ildən Livanda hərbi erməni dəstələrində vuruşurdu. Orada sağ-xristian dəstələrinin tərkibində olaraq vətəndaş müharibəsində və İsrail qoşunlarına qarşı vuruşmuşdur.

Daha sonra türk silahlı qüvvələrinə qarşı kürd terror dəstələrində vuruşub.. O, hətta İranda şah əleyhinə döyüşlərdə də iştirak edib və yenidən Livana dönüb. 80-ci illərin əvvəlində Monte Melkonyan öz dostları ilə birgə Livanda erməni terror təşkilatı olan ASALA-nı yenidən yaratmış və onun siyasi-ideoloji platformasını belə təyin etmişdir: Türkiyə 1915-ci il erməni “soyqrımını” tanımalıdır, ermənilərə maddi təzminat ödəməlidir və “tarixi erməni ərazilərini” geri qaytarmalıdır. Qarabağ cəbhəsinə Melkonyan 90-cı illərin əvvəlində gəlmişdir. Öncə o Ermənistana gedərək Qarabağa keçmiş və Qarabağ separatçılarına qoşulur. Beləliklə, Şaumyan (Goranboy) rayonu, Manaşid, Erkeç, Buzluq kəndləri uğrunda döyuşlərdə, bu dəstənin aktiv üzvü kimi fəaliyyətə başlayır. Sonra onu Qarabağ dəstələrinə komandir təyin etmişlər . 1992-ci ildə Xocalıda Melkonyan azərbaycanlılara qarşı soyqrımın təşkilində yaxından iştirak etmişdir. Laçının və Ağdərənin işğalında iştirak etmişdir. Deyilənə görə o, 92-ci ildə Qarabağı müəyyən müddətə tərk etmiş, amma səbəbi aydın deyil.

Məlumata görə o qısa müddətə Qarabağı tərk edərək Avropaya getmiş və Qarabağa yeni qüvvələrin cəlb edilməsi, ASALA daxili mübarizəyə son qoymaq, ona qarşı olan M. Enqizaryanla ( ARBO batalyonu) bir dəfəlik yollarını ayırmaq üçün Fransada olmuşdu. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olmuşdur. 12 iyun 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndi ətrafında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İbad Hüseynov tərəfindən məhv edilmişdir. Bu barədə adı çəkilən kitabda yazılır: Monte Melkonyanın qardaş-Markarın söhbətlərindən: “ 12 iyun gündüz Monteyə xəbər etdilər ki, Mərzildə vəziyyət ağırdır və öz müavini ilə maşına əyləşıb oraya gedir. Kəndə çatanda onlar dayanır və anlaya bilmir ermənilər hansı, azərbaycanlılar hansı tərəfdədir. Bu an 40 metr yaxınlıqdan onların UAZ-na PDM atəş açır, maşında olanlar tullanaraq gizlənir. İkinci atəş yaşayış evinin divarını uçurur, hansı ki, orada Monte gizlənibmiş və onun başının yarısını qoparır. Onun müavini polkovnik Sarıbeq Martirosyan da ölür və bir neçə adam da ağır yara alır. Onlar rabitə ilə yardım istəyir və böyük əziyyətlə Montenin cəsədini döyüş meydanından çıxarırlar.”

Qeyd edim ki, kitab erməni diasporu arasında geniş təbliğ edilir və Hindistan erməni ruhanisi, Xoren Hovanisyanın dəvətiylə, Qalkatan məbədində Californias State Universtiv Northrige universitet müəllimi, filosofiya doktoru Sarqat Melkonyan gələrək burada ”Qardaşımın yolu” kitabının mütailəsi keçirilmişdir. Burada iştirak edən digər erməni ruhaniləri kitabı oxuduqdan sonra ümumi fikirləri əks etdirən bir bəyanat hazırlamışlar və orada bu cümlə “Montenin həyatı nəsillər üçün vətən tərbiyəsində o işıqlı nöqtə olacaq ki, ona da gərək ardıcıllıq etsinlər”- fikri kilsənin erməni terroruna tam dəstək verməsi barəsində deyilənləri bir daha təsdiq etmişdir.

"Kaliforniyalı erməninin öz qardaşının Xocalıda etdikləri barədə kitab məni sarsıtdı". Bu barədə Londonda, Xocalı faciəsinin 16-cı ildönümünə həsr edilmiş tədbirdə Kavkaz üzrə mütəxəssis, tanınmış amerikalı jurnalist Tomas Qolç deyib. "Mən bu kitabı erməni İnternet saytından sifariş etmişdim. Onu alıb, bir ay ona yaxın dura bilmədim. Lakin sonra oxudum. "Mənim qardaşımın yolu" amerikalı erməninin kitabı məni sarsıtdı. Kitabın müəllifi Markar Melkonyan, Xocalı soyqırımını koordinasiya edən, qardaşı Montenin "qəhramanlığı" barədə danışır. Saysız hesabsız günahsız insanları öldürüb və "Asala" təşkilatının üzvü kimi türk diplomatlarına qarşı terror aktları törədən insan kitabda qəhraman statusuna çatdırılıb və onunla fəxr edilir", - deyə Qolç bildiribdir.

Kitabı oxuduqca ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərin şahidi bir daha olursan. Monte Melkonyanın özünün yanında saxladığı, qeydlər apardığı və onun ölümündən sonra qardaşı Markar Melkonyana qalan gündəlikdə yazılanlar kitabda bu cür əks edilir: “İndi yalnız quru torpaqdan əsən küləyin səsi eşidilirdi və cəsəd qoxusunu uçurması üçün hələ tez idi. Monte qadın və uşaqların sınmış oyuncaqlar kimi üstünə saçıldığı torpağa əyilərək astadan “Qayda-qanun yoxdur” dedi.” Müəllif qeyd edir ki, 26 fevral Monte üçün əhəmiyyət daşıyan günlərdən biri idi. Çünki həmin gün Sumqayıt hadisələri ilə eyni günə düşürdü və Monte bu hadisələrin əvəzin çıxmağa çalışırdı. Kitabda bir yerdə qeyd edilir ki, “Sav-(ağrı)ləqəbli erməni döyüşdən sonra öz “JEEP”” markalı maşınına əyləşərək Xocalıya daxil olaraq orda talanla məşğul olmağa başladı. Lakin geri qayıdan zaman maşın yükün ağırlığından yolda sürüşərək minaya düşdü və sərvət ovçusu olan Sav bir ayağın itirməli oldu.”

Kitabın 210-cu səhifəsində müəllif Xocalı barədə yazır: "Xocalını 40 nəfərdən ibarət omon dəstəsi və sayı 60 – 200 arasında olan döyüş təcrübəsi zəif yerli özünümüdafiə dəstəsi qoruyurdu. O, Xocalıya çatan kimi bir neçə saat əvəl baş vermiş qırğının bütün məqamlarını və təfərruatlarını bir araya yığmağa çalışırdı.Təxminən gecə saat 11-də 2000 nəfərdən ibarət erməni silahlıları üç tərəfdən Xocalıya yaxınlaşdılar, bununla onlar yerli əhalini şərqdə yerləşən açıqlığa qaçmağa vadar etdilər. Səhər fevralın 26-da xocalılılar şərq tərəfdə olan təpəliyin zirvəsinə çatdılar və aşağı hardasa 6 mil məsafədə, Ağdam istiqamətində düşməyə başladılar.

Məhz həmin o təpəciklərin arasında onları ermənilər qarşılayır və insanları güllələyirlər. Xocalıdan qaçqın düşmüş Raişə Atakişiyeva araşdırma aparan "Human Rights Watch" təşkilatının əməkdaşlarına bu sözləri demişdi – "Onlar bıçaqlarını çıxarıb insanları öldürməyə davam etdilər". Monte Martuniyə sadəcə 22 gün əvvəl gəlmişdi lakin o artıq silahsız, günahsız dinc sakinlərin qanı ilə suvarılmış iki döyüş meydanından keçmişdi (Qaradağlı və Xocalı)".

Kitabda Montenin Qaradağlının işğalı zamanı etdikləri hərəkətlərə də geniş yer verilmişdir. Qeyd edək ki, Qaradağlı kəndi Azərbaycanın Xocavənd rayonunda yerləşir (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonu) Qaradağlı əhalisi 800 nəfərdən bir qədər çox olan adi Qarabağ kəndi idi. 1992-ci ilin fevralın 14-də Qaradağlını mühasirədə saxlayan ermənilər kənd istiqamətində hücuma keçirlər, hücumda “Aramo” və “Arabo” dəstəsinin üzvləri eləcə də 366–cı alayın şəxsi heyəti və texnikası iştirak edir. Ermənilər yalnız fevralın 17-si kənddəki özünümüdafiə dəstəsinin üzvlərinin hərbi sursatı qurtardıqdan sonra kəndə daxil olub onu işğal edə bilirlər. Kənddə olan 104 nəfər əsir götürülür. 104 nəfər azərbaycanlı əhalisini kəndin kolxoz idarəsinin ərazisinə yığıb, uşaqları, qadınları, qocaları 2 və kişi cinsindən olan cavan şəxsləri 1 KAMAZ markalı avtomaşınların yük yerinə doldurub Qaradağlı kəndindən 2 kilometr aralıda yerləşən "Bəylik bağı" adlanan əraziyə gətirərək, kişi cinsindən olan cavan şəxsləri zorla avtomobildən yerə düşürüb yaxın məsafədən özü və digərləri odlu silahlardan davamlı atəşlər açaraq, 36 nəfəri öldürmüş, 2 nəfərə ağır xəsarətlər yetirmiş, sonra isə cinayət törətdiyi şəxslərlə birlikdə öldürdüyü adamların cəsədlərini həmin ərazidə əvvəlcədən traktorla qazılmış 2 silos quyusuna doldurub torpaqla örtmüşdür.

Daha sonra həmin silahlı dəstə və şəxsiyyətləri istintaqa məlum olmayan dəstənin digər üzvləri birlikdə cinayət hərəkətlərini davam etdirərək 17 fevral 1992-ci il tarixdə saat 17 radələrində Qaradağlı kənd sakinlərinin sağ qalmış 68 nəfəri yuxarıda göstərilən 3 KAMAZ markalı avtomaşınların yük yerində apararkən kişi cinsindən olan cavan şəxslərin olduğu avtoavtomobili erməni əhalisinin yaşadığı Ningi kəndində saxlayaraq 3 nəfəri, Xankəndi şəhərində saxlayaraq 5 nəfəri və Xankəndi şəhər təcridxanasının ərazisində 11 nəfəri av¬tomobildən yerə düşürüb odlu silahdan atəş açaraq öldürmüş, sağ qalmış digər 49 nəfər Qaradağlı kənd sakinini isə təcridxanaya təhvil vermişlər.

Bu barədə kitabda belə yazılır: "Arabo və “Aramo”nun (erməni silalı dəstələri) əsgərləri 38 nəfər əsiri göstərdilər, əsirlər dərənin içərisində idi, onların arasında qadınlar, və əsgərlər var idi. Azərbaycanlı əsirlərdən biri bintlə sarılmış əlindən qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən onun ayaqının bir hissəsini qopardı. Aramo və Arabonun əsgərləri onsuzda əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər, bundan sonra onlar əsirləri bıçaqlamaqa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu o bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi."

Müəllif hadisələrin davamın bu cürə qələmə alır: "Arabo və “Aramo”nun əsgərləri alovlar içində yanan əsgərlərin iniltilərindən vəcdə gələrək kəndə daxil oldular. Öldürülən və əsir düşən əsgərlərin silahların topladılar və evləri yağmalamağa başladılar. Kəndilərə məxsus tonlarla buğda kisələri ilə yanaşı evlərdən topladıqları sərvətləri bir maşına yüklədilər. Daha sonra kəndə od vurub yandırdılar”

Müəllif kitabın bir çox yerində erməni vəhşiliyini təsdiq edən faktlara toxunmuşdur. Onlardan biri lap acınacaqlıdır və bu kitabda belə əks edilir: “1990-cı ilin noyabrında Keçəl (Arabonun döyüşçüsü) sərhədin o tayındakı kənddən Azərbaycan xalq cəbhəsinin gənc fəalını oğurlayır. Gənc azərbaycanlı Səid Yerevan yaxınlığındakı bir bağ evində divara zəncirlənmiş vəziyyətdə bir ay qaldı. İlin sonunda Keçəl bir neçə yoldaşı və yerli polis zabiti ilə birgə Səidi, Yeraplura yüksəkliyində yerləşən qəbiristanlığa apardı (Yerevan yaxınlığında). Orada onlar Səidi onların ölmüş dostu Xarut adında döyüşçünün məzarı qarşısında diz üstə qoydular. Sonra üç uşaq atası olan Keçəl Səidin boğazını küt bıçaqla kəsməyə başladı.Əvvəl Səid qışqırırdı, lakin sonra qışqırıq inilti ilə avəz olundu. Sonda Ardaq bıçaqı Səidin sinəsinə vuraraq buna son qoydu, onlar Səidin qanının dostlarının məzarına axıtdıqdan sonra ordan getdilər.”

Keçəl ləqəbli döyüşçünün sonrakı taleyi haqqında yazan müəllif kitabında bu barədə deyir:

Dostunun qızının xaç atası olmasına razılıq verən Keçəl kilsəyə gələndə qəfil qulağına başını kəsdiyi Səidin iniltiləri gəldi və huşunu itirərək yerə yıxıldı. Bununla da mərasimin yarımçıq qalmasına səbəb olan Keçəl ayılanda kilsədə dua edən keşişə sual verir: Görəsən Allah nə zamansa qisas məqsədilə iti öldürən insanı bağışlaya biləcəkmi? Cavabında keşiş: “ Bu baxır itin iki yaxud dörd ayaqlı olmasına”- deyir. Burada bir daha aydın olur ki, məhz kilsə ermənilərin vəhşilik törətməsinə izn verib və bu da dünyanın heç bir dininə sığmır.

Müəllifin yazdığı kitabda bir məqam da Ermənistanın uzun illərdir Qarabağdakı müharibədə tərəf olmadığına dair iddialarının yerlə yeksan edilməsidir. Kitabda yazılır ki, Xocalı, Şuşa və Laçının işğalından sonra 28-may 1992-ci ildə bu rayonların işğalında iştirak edən əsgərlərin və zabit heyəti hərbi paradda iştirak edib. Monte bu zaman Qarabağda qalmış idi. Lakin “Arabo” və “Aramo” əsgərləri İrəvana bir günlük paradda iştirak etməyə getmişdilər.

Kitabda diqqəti çəkən bir məqam kürdlərlə bağlı yazılan fikirlərdir. Müəllif yazır ki, Laçın rayonunun işğalı zamanı burda yaşayan kürdlərin onlar tərəfə keçməsin fikirləşən Monte dəstdə olan kürd və PKK-nın yüksək rütbəli şəxslərinin vədinə inanaraq bura daxil olur. Lakin Laçın kürdlərin azərbaycan türkləri ilə eyni möqvedən çıxış etməsi və onlarla bərabər vuruşaraq birgə rayonu tərk etməsi Monteni pərt etmişdi. “Bizi kürdlərə qarşı qoydular” deyən Monte Ermənistan rəhbərliyinin əleyhinə deyindiyini qardaşı açıqca kitabında yazır.

Bu kitab Monte Melkonyan kimi qaniçən terrorçunun qardaşı Markar Melkonyanın yatmış vicdanının oyanması deyil. Görünür müəllif bu yolla ermənilərin vətənpərvərlik, döyüşkənlik ruhunu gücləndirmək istəyib.Ya da ki, naşılıq edib. Axı uzun illərdir ermənilər qondarma genosid pərdəsi altında gizlənərək, öz yazıqlıqlarını nümayiş etdirərək həmişə vəhşiliyə qarşı olduqlarını iddia edirdilər. Lakin bu dəfə Markar Melkonyan “ümummilli erməni ənənəsi”ndən kənara çıxaraq bəlkə də səhvən erməni vəhşiliyindən sitatlar gətirir.O bunu vəhşilik kimi yox, qisas aktı kimi qələmə vermək istəsə də, artıq gecdir.Silahsız mülki əhalinin xüsusi qəddarlıqla öldürülməsi heç nə ilə sığortalana bilməz. Markar Melkonyanın “Mənim Qardaşımın yolu” kitabı bu məntiqlə yazılsa da əslində ermənilərin iç üzünü açıb ğöstərmiş oldu. Məntiqsizlik bundan ibarətdir ki, eyni kitabda ermənilər dünyanın ən məgrur,ən layiqlq, ən ğözəl və eyni zamanda ən vəhşi, ən eybəcər xalqı kimi görünür. Bu isə müəllifin həddən artıq ifrata varıb nəticədə özü-özünü ifşa etməsi deməkdi.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT baş katibinə müraciətində də Markar Melkonyanın kitabında qeyd olunan fikirləri beynəlxalq qurumun diqqətinə çatdırıb. Müraciətdə “Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan Respublikasının indiki prezidenti Xocalı hadisələrinin baş verdiyi dövrdə qanunsuz separatçı rejimin “Özünü Müdafiə Qüvvələri Komitəsi”nin rəhbəri və şəhərin işğalı üçün məsuliyyət daşıyanlardan biri idi. Erməni müəllif Markar Melkonyan Xocalı qətliamını törədənlərdən biri olan qardaşına həsr etdiyi kitabında erməni əsgərlərin Xocalının mülki sakinlərini necə öldürdüyünü ətraflı təsvir edir” sözlərinin olması bir daha rəsmi İrəvanın sistemli siyasətinin və amansızlıq praktikasının bir hissəsi olduğu və bu siyasətin kökündə irqi üstünlük, etnik ayrı-seçkilik və nifrət kimi çirkin ideyalar duruduğu aşkar surətdə BMT-yə çatdırmışdır.

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

0 коммент.:

Отправить комментарий