SON MƏLUMATLAR

15.08.2018

Info Post
Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai insanların yaşayışından xəbər verir. Ancaq rayon kimi Zəngilan 1930-cu ildə təşkil olunmuşdur. Sahəsi 707 kv. km, əhalisi isə 38.901 nəfərdir. Zəngilan ərazisində bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi.

Şərqlə Qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi – mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e. ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV-II əsrə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazisinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.
Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayı yuyub aparmışdır. Şəhər qalığının ərazisi 9 hektara yaxındır, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərbdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunmuşdur.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub.

Zəngilan rayonun adı ilə bağlı tarixçilər qeyd edirlər ki, bu sözün kökü Zəngi-Ata adı ilə bağlıdır. Qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir. Buradan da görünür ki, zəngi sözü müqəddəs anlamlı ifadədir.

Azərbaycandakı çoxsaylı türk boylarından biri də qədim çağlarda adı sanqi şəklində yazılan zəngilərdir. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər.
Toponimi Qızılbaşların tərkibinə daxil olmuş Zəngənə tayfasının adı ilə bağlayanlar da var. Səfəvilərin zamanında zəngənələr çox geniş ərazilərdə yayılmışdılar.

Toponimi zəngi etnonimi ilə əlaqələndirənlər də mövcuddur. Zəng – səng komponenti qədim fars dilində daşlı qaya kimi mənalandırılır. Tək daş, təpə kimi də izah edilir. Zəngilərin məskəni kimi işlədilir.

VII əsrə aid mənbədə Xudafərin körpüsü yaxınlığında adı çəkilən Zəngixan yaşayış məntəqəsinin indiki Zəngilan olması haqqında fikirlər də var. Toponimin “zənci” kəlməsindən törədiyini söyləyənlər də var. İrandakı türk tayfalarından birinin zəngi adlandırıldığı da məlumdur.

Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin  ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol və onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
Zaqafqaziya MIK RH-nin iclasında (1. 1.1927; 2 saylı protokol, 5-ci bənd) respublikalararası sərhədlərdə: Mehri-Cəbrayıl qəzalarından 24 kəndin və həmin qurumun digər toplantısında (20.VI. 1927; 18 saylı protokol, 1-ci bənd) isə Zəngəzur-Kürdüstan qəzalarının 1.065 desyatin ərazisinin bu və ya digərinə  aidiyyatı məsələlərinə Ermənistanın xeyrinə olaraq baxıldı.
Yenə də həmin qanunverici hakimiyyət orqanının M.Sxakayanın sədrliyi, Azərbaycan SSR-in nümayəndələrindən M.Bağırov, D.Bünyatzadə və b. iştirakı ilə keçirilən iclasında (18.11.1929; 3 saylı protokol) Mehridə rayon yaratmaq adı  altında Zəngilanın üç kəndi (Nüvədi, Ernəzir, Tuğut) Ermənistana verildi.  Zəngilanın “başçıları” bunu həmin kəndlərin rayon mərkəzindən xeyli aralı  (uzaq) olmaları və müxtəlif səmtlərdə yerləşmələri üzündən onlarla əlaqənin çətinliyi və s. ilə “əsaslandırmışdılar”. 1929-1931-ci illərdə Nüvədi, Əldərə, Lehvaz, Astazur və s. yaşayış məntəqələrinin Ermənistana verilməsi hesabına həmin ərazilərdə Mehri rayonu yaradıldı.

1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və bu xəritədə Zəngilanın Genlik, Aladdin, Dəlləkli kəndləri qeyd olunur.
Son iki yüz ildə vahid təbii sərhədə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur. 
1967-ci ildə Zəngilana şəhər statusu verilmişdir.

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

0 коммент.:

Отправить комментарий