Qubadlının qədim tarixi ilə bağlı problemlərin içərisndə
“Qubadlı” toponiminin mənşəyi xüsusi maraq doğurur. Qubadlının işğalı ərəfəsində
rayona çox yaxın yerdə, Hacılı kəndi yaxınlığında arxeoloji qazıntılar
zamanı Sasani şahı Qubadın (488-531) adından zərb edilmiş gümüş sikkə
nümunələri (60-a qədər) tapılmışdır. Dəfinənin olduğu küpün hündürlüyü 10,5 sm.
oturacağın diametri isə 6,5 sm-dir. Nümizmat M. Seyfəddinin verdiyi məlumata
görə bu sikkələr 521-522 ci illərdə kəsildiyini bildirib. Qubadlı adının
mənşəyi tarixi mənbələrə əsasən I Qubadın adı ilə bağlı olsa da yaşayış məskəni
kimi lap qədim dövrlərə gedib çıxır. Bu mülahizə ilə bağlı t.e.a. prof. İsaq Məmmədovun
bildiyi kimi Qubadlı əvvəllər Azərbaycanın şimalında mövcud olan
Albaniyanın tərkibində olmuşdur.
Kür-Araz mədəniyyətinin ən parlaq nümunələri Bərgüşad-Həkəri çayları arasında boy atıb ucalmış maddi mədəniyyət nümunələridir.
Kür-Araz mədəniyyətinin ən parlaq nümunələri Bərgüşad-Həkəri çayları arasında boy atıb ucalmış maddi mədəniyyət nümunələridir.
Tarixi qaynaqlarda
Qubadlının qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanıb.
Rayonun ərazisində bu günümüzə qədər gəlib çıxmış abidələr də “əşyayi-dəlil”
kimi bu faktı əyani şəkildə təsdiqləyir.
Qubadlı
adının yaranması və etimologiyası ilə bağlı bir necə fərziyyə vardır. Bəzi məlumatlara
əsasən həmin ad qubadlı tirəsindən yaranıb. Lakin həmin tirə nə vaxt, necə
yaranıb və həmin ad haradan götürülüb kimi bir çox suallar ortaya qoyur.
Həmin
saytda yerləşdirilən fərziyyələrin digərinə görə Qubadlı adı Sasani şahı
Qubadın adından alınmadır. Lakin bu fərziyyə də özünü doğruldmur, çünki Sasani
sülaləsinin hakimiyyəti dövründə hunların şimaldan yürüşlərinin qarşısını
almaq məqsədi ilə onlar tərəfindən tikilən bir sıra qalalar, o cümlədən möhtəşəm
Dərbənd qalası imperiya hökmdarlarının adı ilə tanınmadığı halda, XX əsrə qədər
balaca bir kənd olan Qubadlının İran şahının adı ilə tanınması heç cür
ağlabatan deyil.
Fərziyələrin
birinə əsasən Qubadlı adı ilk dəfə İkiçayarası bölgəsində mixi yazılarda
yad edilir. Onun məlumatına görə İkiçayarası ərazisində yerləşən Qubadlı
hazırda Beybaxan adlanır. Müəllif yazır ki: “Bu ad türk mənşəlidir.
Aşşurbanipal Anşan çarı Tuman-Humban-İnşuşinakın ölümündən sonra onun əmisi
oğlu Ortaq İnşuşinakın kiçik oğlu Tummurati Qubadlı şəhərinə hakim qoyulmuşdur.
Azərbaycandakı Qubadlı toponiminin və İkiçayarası Qubadlı şəhərinin adındakı
eynilik onların eyni köklü olduğunu göstərir”. Lakin burada da müəllif tərəfindən
Qubadlı adının izahı verilmir.
M.V.Vəliyev
(Baharlının) yazdığına görə I Şah Abbas dövründə şahsevən tayfalarına
tezliklə Türkiyədən gələn iki tərəkəmə-səlcuqlu nəsli də qoşuldu. Bunlar bəkdli
və ipollı nəsilləri idi. Bəkdili nəslindən də sonra Cilovlu, Çaxarlı və Kobadlı
oymaqları yarandı. Məlumatdan aydın olduğu kimi, burada yad edilən bütün
tayfalar türk “-lı/-li/-lu” mənsubiyyət şəkilçisi ilə istifadə olunmaqdadır.
Hələ indiyə
qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə
aid ədəbiyyatda Naxçıvanda məskunlaşmış bərgüşad adlı türkdilli tayfanın adı çəkilir.
Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş
tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri
çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.
Bir çox tədqiqatçılara
görə, birinci komponenti təşkil edən “bərgü” sözü qədim türk mənşəli bərq
tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru
yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının torpaqlarını
tutması faktı tarixdən məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah
(XII) 58 türk tayfası arasında bərgü tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin
(XIII əsr) bu etnonimi bərküt (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların
fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar.
Toponimin tərkibindəki şadsat sözü isə bir növ cəmlik bildirir.
Bərgüşad
dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri "bərgülərin
dağı", "bərgülərin çayı", "bərgülərin çökəyi" mənasındadır.
XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir.
Gənc tədqiqatçı R.Əlizadənin araşdırmalarında da göstərildiyi
kimi, Qubadlılar antropoloji baxımdan Kaspi (Xəzər və ya Oğuz) və Anadolu tiplərinin
populyasiyası olmaqla yanaşı monqoloidlərin ən qədim sütunlarından biri
sayılan poleosibir tipinə də bənzəyirlər. V.V.Bunakin müəyyənləşdirdiyi ön
Asiyada və Balkanlarda formalaşan Qafqaz-Balkan irqinin Kaspi (Xəzər)
tipinin-antropoloq və etnoqraf K.K,Məmmədov arxioloji, poleoantropoloji və digər
praktiki dəlillərə söykənərək bu tipi Oğuz irqi adlandırmağı təklif edir, bəzi
xüsusiyyətləri (başın yarması-dolixokefali) orta boy Şimali Qafqaz tipinə nisbətən
bədənin daha çox piylənməyə meyilliyi, 3-cü tük örtüyünə görə dünyada ilk yerlərdən
birini tutması, saçın rəngi (tünd və qara və.s) qubadlılar üçün səciyyəvidir.
Qubadlıların mənsub olduğu Oğuz tipinin monqoloidlik xüsusiyyətləri
Qafqaz_Balkan irqinin digər tipinə nisbətən daha çoxdur.
Beləliklə tədqiqatçıların
rəyinə görə Qubadlı əhalisi etnik tərkibinə görə qədim türklərin Oğuz tipinə mənsubdur.
Qubadlıda
uzaq və yaxın keçmişimizlə səsləşən bir çox abidələr məlumdur; Alban kilsəsi-
VII əsr Məzrə kəndi, Alban kilsəsi- VII əsr, Yuxarı Cibikli kəndi, Mağara məbədi
IV əsr Əliquluuşağı, Gavur dərəsindəki mağara- ibadətgahı IV əsrə aid edirlər. Muradxanlı
kəndindəki “Qalalı” qalası V əsr, Daş qoyun fiquru-XV əsr Sarıyataq kəndi, Türbə
-XVIII əsr Boyunəkər kəndi, Məscid-XIII əsr Mollalı kəndi, Məscid XIII əsr Məmər
kəndi, Məscid- XIII əsr Mirlər kəndi, Məscid qalıqları- XV-XVI əsr Xələc kəndi,
Dəmirçilər kəndindəki iki türbə XIVəsr, məscid XIXəsr, Yazı düzü deyilən sahədə
yerləşən “Cavanşir qalası” XIV əsr, Gürcülü kəndi yaxınlığındakı “İmamzadə”
türbəsi XVII əsr, Xocamsaxlı kəndindəki mağara-ibadətgah XVIII əsr və “Göy
qala” türbəsi V əsrin, “Laləzar” körpüsü 1867-ci ilin, Dondarlı kəndindəki məscid
və Dəmirçilər kəndindəki Hacı Bədəl körpüsü XIX əsrin yadigarı, daş tarixi kimi
bu gün də gözəlliyini, məğrurluğunu, müqəddəsliyini itirməyib. Eyni zamanda,
uzaq keçmişimizlə səsləşən köhnə sandıq və qoç qəbirləri son günlərə kimi
qorunurdu.
Qubadlı və
onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə
daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə
Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur.
Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd
rayonları ilə həmsərhəddir. Azərbaycanın Zəngəzur və Göyçə əraziləri XVII-XVIII
əsrlərdə çox təcavüzlərə məruz qalmışlar. Zəngəzurda İran, Türkiyə və Rusiyanın
(XIX əsr) maraqları qarşılaşıbdır. Xanlıqların dövründə Zəngəzur ərazisinin əksər
hissəsi əvvəl Təbriz xanlığının tərkibində olub. İndiki Qubadlının bir hissəsi
– Maltəpədən cənuba qədər olan hissə Qaradağ xanlığının tabeliyində olub.
Qubadlı,
Qafan ərazilərində XVII-XVIII əsrlərdə Səfəvilər, Təbriz, Qarabağ xanlıqlarının
yaratdıqları bir neçə ərazi idarəetmə xanlıqları-bəylikləri olmuşdur. Tarixdə Bərgüşad
mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur
mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi
vahidi kimi tabe olmuşdur.
Lakin
sonradan Qarabağ xanı Pənahəli xanın sayəsində Zəngəzurun ayrılmaz qismi kimi
Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.
1930-cu il
avqust ayının 30-da Azərbaycan SSR-də rayonlaşma aparılarkən Azərbaycan Xalq
Komisarları Sovetinin və Mərkəzi İcrayyə Komitəsi birgə qərarı ilə Azərbaycanda
I, II, III kateqoriyalı rayonlar yaradılmışdır ki, Qubadlı I kateqoriyalı
rayonlar sırasına daxil idi. Qubadlı qəsəbəsi rayonun mərkəzi olub, 1931-ci il
noyabr ayınıın 24-də Mərkəzi İcrayyə Komitəsinin qərarı ilə Qubadlı rayonu Zəngilan
rayonu ilə birləşdirilmiş, 1933-cü il mart ayının 14-də ayrılaraq müstəqil
rayon olub.
1963-cü il
yanvar ayının 4-də Qubadlı rayonu bir daha Zəngilan rayonu ilə birləşdirilib,
bir ildən sonra 1964-cü il iyun ayının 17-də yenidən ayrılıb müstəqi rayon
olmuşdur.
Qubadlılar
tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxmış, Vətən qarşısında öz
borclarını həmişə ləyaqətlə yerinə yetirmişlər. Qarabağ hadisələri başlananda,
ermənilər quduzlaşanda, ilk dəfə silaha sarılıb torpaqlarımızın müdafiəsinə
qalxan rayonlardan biri də Qubadlı olub. Qubadlı çox böyük bir məsafədən – 120
km-ə qədər Ermənistanla, 40 km isə Dağlıq Qarabağla əhatədə idi.
1993-cü il
avqustun 31-də Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal
olundu. 30 mindən artıq əhali öz yurd-yuvasından didərgin düşdü. Var-dövləti
başdan aşan rayon mərkəzi və 94 kənd qarət edildi, talandı, yandırıldı.
Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, dənizdən-dənizə
böyük Ermənistan yaradılması barədə daşnak ideoloqlarının çoxillik sərsəm
ideyalarının tərkib hissəsi idi. Tarixən həm Çar, həm də Sovet imperiyasının
çökməsi zamanı Dağlıq Qarabağ məsələsi dəfələrlə qaldırılmışdı. Azərbaycan
torpaqlarına, o cümlədən Qubadlıya erməni işğalçıları hücum etmiş, kəndlər
yandırılmış, talan edilmiş, dinc əhaliyə divan tutulmuşdur.
Qubadlı
torpağı Vətənimiz üçün neçə-neçə adı dillər əzbəri olan qəhrəmanlar, əmək
bahadırları, dövlət xadimləri, alimlər, yazıçılar, şairlər, mühəndislər,
hüquqşünaslar, idmançılar, mədəniyyət işçiləri, siyasətçilər və s.
yetirmişdir. Bu torpaq tarixin müxtəlif döngələrində yetirdiyi mərd
insanlara - Qaçaq Nəbi, Həcər,
Çingiz İldırım, Qaçaq Baba, Firudin bəy, Qoçu Təhməz, Şahsuvar bəy, Şəmil bəy,
Bəhlul Əfəndi və neçə-neçə qorxmaz övladları ilə haqlı olaraq fəxr edir. Görkəmli
partiya, dövlət və ictimai xadimlərdən Xəzər Heydərov, Arif Heydərov,
Kamran Hüseynov, Məmməd İsgəndərov, Göyüş Məmmədov, Cahanbaxış Abdullayev,
Valeh Bərşadlı, Qəzənfər Məmmədov, Misir Cabbarov, Ələkbər Abdullayev və daha
neçə-neçə adını çəkmədiyim tanınmış şəxsiyyətlər Qubadlı torpağının yetirmələridir.
Bəli,
Qubadlını qoruyan, onun yolunda şəhid olmağa hazır olan oğullar dünən də olub,
bu gün də var, sabah da olacaq. Qubadlıların doğma Qubadlıya - cənnətməkan
yurd yerlərinə qovuşmalarına çox qalmayıb.
Yazının
hazırlanmasında Qubadlı rayon İcra Hakimiyyətinin rəsmi saytı
www.qubadli-ih.gov.az və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin http://scwra.gov.az/ saytından istifadə edilib.
0 коммент.:
Отправить комментарий