SON MƏLUMATLAR

17.08.2018

Info Post


Bakı Metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarında Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror hadisəsi tariximizin qanlı günlərindən biridir. Terror nəticəsində 14 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə Zori Balayan hərbi əsir, Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75”" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir. A.Aslanov “Yerevan-Mineralnıye Vodı-Bakı”marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır.

İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir. Moskvada Azərbaycan vətəndaşı Azər Aslanov həbs edildi. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndərdilər. 1998-ci ildə Aslanov bu teror aktını keçirmək göstərişini erməni əsirliyində olarkən, publisist Zori Balayandan aldığını dedi.

Azər Aslanova Məhkəmədə ömürlük həbs cəzası verilib.
Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılır, 1999 cu ildə Azərbaycan respublikasının baş prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa elan edilir. Daha sonra o, MDB dövlətlərində də, beynəlxalq axtarışa verilir.2001 ci ildə Erməni tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır.

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

0 коммент.:

Отправить комментарий